9 C
Baku
Friday, December 13, 2024

Layihə rəhbəri: “IGB birdən çox mənbədən qaz tədarük etməyə imkan verəcək”

“Koronavirus (COVID-19) pandemiyasının yaratdığı gözlənilməz problemlərə baxmayaraq, Bolqarıstanı Yunanıstanla birləşdiriən qaz xəttinin tikintisi üçün boruların istehsalı və çatdırılması qrafikə uyğun olaraq bu ay başa çatacaq”.

Bunu Azərbaycana aid təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria: IGB) Bolqarıstan üzrə layihə rəhbəri Teodora Georgieva bildirib.

Onun sözlərinə görə, IGB boru kəməri ölkəyə birdən çox mənbədən təbii qaz tədarük etməyə imkan verəcək: “Bu da tədarükün etibarlılığının artmasına və qaz mənbələrinin real şaxələndirilməsinə səbəb olacaq. Yeni idxal marşrutlarının inkişafı rəqabəti gücləndirir və bu, təbii qazdan rəqabətli qiymətlərlə istifadə edə biləcək son istehlakçılar üçün böyük əhəmiyyət kəsb edir”.

IGB rəsmisi bildirib ki, Yunanıstan-Bolqarıstan qaz kəməri həm mövcud, həm də planlaşdırılan digər böyük layihələrlə əlaqə qurmaq potensialına görə böyük beynəlxalq əhəmiyyətə malikdir: “Bu, bütün bölgəyə müxtəlif yeni mənbələrdən təbii qaz tədarükünə imkan verəcək”.

T.Georgievanın sözlərinə görə, IGB boru kəməri mayeləşdirilmiş təbii qazın nəqli üçün də böyük potensiala malikdir: “Biz bu istiqamətdə bütün yeni imkanlara müsbət baxırıq. Hökumətin Bolqarıstanı Alexandroupolis yaxınlığındakı LNG terminalına səhmdar kimi daxil etmək qərarı, IGB-nin tam gücünə çatmasına kömək edəcək əhəmiyyətli bir addımdır. Terminal tikintisi başa çatdıqdan sonra ABŞ, Misir, İsrail və digər ölkələrdən LNG və təbii qaz idxal edə biləcəyik. Bolqarıstanın enerji nöqteyi-nəzərindən qarşısına açılan imkanlar möhtəşəmdir”.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər