Litva Ukraynada hava hücumundan müdafiə (HHM) sistemini gücləndirmək üçün 6 milyon avro ayıracaq. Yardım digər Avropa ölkələri ilə birgə göstəriləcək.
Bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas bildirib.
Qeyd olunur ki, Litva Böyük Britaniya, Norveç, Niderland, Danimarka, İsveç və İslandiya ilə birlikdə 107,5 milyon avroya Ukraynaya hava hücumundan müdafiə sistemlərini alır. Litvanın payına 6 milyon avro düşüb.
“Litva daim Ukraynanı dəstəkləmək üçün müxtəlif yollar tapır. Yeddi ölkənin aldığı hava hücumundan müdafiə avadanlığı Ukraynanın mühüm infrastrukturu, mülki şəxsləri və hərbi personalı qorumaq qabiliyyətini gücləndirəcək”, – A.Anuşauskas deyib.
Onun sözlərinə görə, Ukraynaya HHM sistemlərinin alınması Ukrayna üçün Beynəlxalq Fondun satınalmalarının ikinci mərhələsi çərçivəsində planlaşdırılan beş dəstək paketindən birincisidir.