“Associated Press”in verdiyi xəbərə görə, 24 nazirdən ibarət yeni kabinetə milyarder biznesmen Nəcib Mikati rəhbərlik edəcək.
İş adamı Livanın ən zəngin şəxslərindən biridir və ona cari ilin iyulunda yeni hökuməti formalaşdırmaq tapşırılıb. N. Mikati daha əvvəl 2005-ci ildə, həmçinin 2011-ci ildən 2013-cü ilədək Livanın Baş naziri olub.
Yeni hökumətin tərkibi bu gün əvvəlcə ölkə prezidentinin administrasiyası, daha sonra isə Nazirlər Şurasının Baş katibi Mahmud Makieh tərəfindən açıqlanıb. Yeni kabinetin tərkibindəki əksər nazirlərin son onilliklər ərzində hakimiyyətdə olmuş siyasətçilər arasından seçildiyi bildirilir.
Qeyd edək ki, ötən il avqustun 4-də Beyrut limanında baş verən faciəvi partlayışdan sonra Baş nazir Hassan Diabın rəhbərlik etdiyi hökumət istefa verməyə məcbur olub. Həmin vaxtdan rəqib siyasi qruplar arasında yeni hökumətin formalaşdırılması ilə bağlı razılıq əldə etmək mümkün olmayıb. Nəticədə ötən ilin oktyabrından ölkənin milli valyutası dollar qarşısında 90%-dək dəyər itirərək hiperinflyasiyaya səbəb olub, ölkə əhalisinin yarısını yoxsulluq səviyyəsinə yaşamağa məcbur edib.