Bir çox hallarda insanlar kredit götürmək üçün banklara yox məhz lombardlara müraciət edirlər. Amma bu da bir çox hallarda insanların neqativ hallarla rastlaşmalarına gətirib çıxarır. Bunun qarşısının alınması üçün lombardların Maliyyə Bazarına Nəzarət Palatası tərəfindən nəzarətə götürülməsi təklif edilir.
Banker.az “Xəzər Xəbər”ə istinadən bildirir ki, ölkədə lombardların sayı artıb. Monitorinqlər göstərir ki, təkcə Bakıda 1500-dən çox lombard ofisi fəaliyyət göstərir.
Heç bir arayış, sənəd təqdim etmədən yalnız girov qoymaqla lombarddan lazımi məbləği götürmək mümkündür. Üstəlik burda banklarda kredit verilərkən tətbiq edilən faiz limitləri də yoxdur. Yəni götürmək asan olsa da, borcun ödənişi insanlara xeyli çətinlik yaradır.
Üstəlik, borcun qaytarılması üçün konkret müddət də qoyulmur. Yəni hər ay faizləri ödəyib, borcun qaytarılmasını növbəti aya keçirmək olar. Bu isə ilk baxışdan müştəriyə güzəşt kimi görünsə də əlavə borclanma deməkdir.
Ekspertlərin sözlərinə görə, lombardlarla bağlı problemlər çoxdur və birbaşa vətəndaşın aldadılması ilə bağlıdır. Lombardların fəaliyyəti birbaşa kredit fəaliyyəti olduğundan onun tənzimlənməsinə ehtiyac var.
Əgər palata bunu həyata keçirsə neqativ halların qarşısının alınmasında vacib addım atmış olar. Bu birbaşa lombardın borc verdiyi vətəndaş qarşısında öhdəliyini artıracaq.