ABŞ-da “Powerball” lotereyasının 2 milyard dollarlıq ən böyük cek-potunun sahibinin adı bəlli olub.
Kaliforniya sakini Edvin Kastro uğurlu lotereya biletini ötən il noyabrın 7-də Los-Anceles yaxınlığındakı Altadene şəhərciyindəki yanacaqdoldurma məntəqəsində alıb. Həmin lotereyada altı düzgün rəqəmin seçilməsi şansı 292.2 milyonda birə bərabər olub.
O, uduşunu 30 il ərzində hissə-hissə tam almaqdansa, birdəfəlik 997.6 milyon dollar almağa üstünlük verib.
Bundan öncə “Powerball” lotereyasının cek-potu yalnız bir dəfə milyard dolları ötmüşdü. O zaman həmin uduş Kaliforniya, Florida və Tennessi ştatlarından olan bir neçə qalib arasında bölünmüşdü.