Almaniyanın “Lufthansa Group” konserninə məxsus aviaşirkətlər Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi ilə əlaqədar Təl-Əvivə uçuşları avqustun 8-dək, Beyruta uçuşları isə avqustun 12-dək dayandırıb.
Bu barədə “Lufthansa” aviakompaniyasının mətbuat xidməti məlumat yayıb. Aviadaşıyıcı bundan öncə Livan paytaxtına uçuşların avqustun 5-dək həyata keçirilməyəcəyini bildirmişdi.
Qeyd edək ki, iyulun 30-da İsrail ordusu Beyruta aviasiya zərbəsi endirib. Hücum zamanı “Hizbullah”ın lideri Həsən Nəsrullahın sağ əli və hərəkatın hərbi təşkilatında strateji məsələlərə, o cümlədən raket silahlarına cavabdeh olan Fuad Şükrü öldürülüb.
İyulun 31-də isə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin endirdiyi raket zərbəsi nəticəsində həlak olub.