Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edib.
Bu bəyanatla o, Təhlükəsizlik Şurasının iclasında çıxış edib.
A. Lukaşenko bildirib ki, müxalifət hakimiyyəti ələ keçirmək üçün Koordinasiya Şurası yaratmağa qərar verib.
“Yeni element – hakimiyyətin, xüsusən də güc strukturlarının başının altına yastıq qoymaq cəhdidir: “Biz sülhsevərik, yaxşıyıq, başa düşürsünüz, biz artıq qarşıdurma istəmirik”. Bu, həm belədir, həm də belə deyil. Bu, şirmadır. Müxalifət bizi başqa tərəfə itələyir. Özü də nə az, nə çox – hakimiyyəti onlara verməyimizi istəyir. Deməli, biz bunu birmənalı qiymətləndiririk: bu, hakimiyyəti ələ keçirmək cəhdidir”.
A. Lukaşenko deyib ki, hakimiyyət Konstitusiya və qanunlara uyğun olaraq bütün adekvat tədbirləri görəcək.
Qeyd edək ki, Prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya hakimiyyətin ötürülməsinin təmin olunması üçün Koordinasiya Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. O, dialoqa hazır olduğunu da bildirib.
Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.
Seçkilərdən sonra nəticələrə etiraz olaraq nümayişlər keçirilir.