19 C
Baku
Saturday, May 25, 2024

Mərkəzi Bank bildirir ki, Azərbaycanda monetar sərtləşmə effekt verir

Azərbaycanda inflyasiya mühitində qeyd olunan risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı azaltmağa çalışır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərəzi Bankından faiz dəhlizinin parametrləri ilə bağlı məlumatda bildirilir.

2022-ci ilin sentyabrından başlayaraq yeni pul siyasəti alətlərinin tətbiqi nəticəsində həm təminatlı, həm təminatsız banklararası bazarda ilk dəfə olaraq qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə reaksiya verməyə başlamışdır.

Mərkəzi Bankın notları və dövlət qiymətli kağızları üzrə gəlirlilik səviyyəsində də adekvat reaksiya müşahidə edilir. Sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün Mərkəzi Bank not hərraclarının şərtlərinə müntəzəm yenidən baxır.

Pul siyasətinin sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi 2022-ci ildə manatla pul bazasının artım tempini 10.2 faiz bəndi azaldaraq 12.1%-ə endirmişdir.

Qeyd edək ki, ilin son ayında pul təklifinin artım tempinin yüksəlməsi əsasən fiskal əməliyyatlarla bağlı olmuşdur. Ötən il məcburi ehtiyatlar üzrə normaların qaldırılması və müvafiq makroprudensial tələblərin sərtləşdirilməsi kredit aktivliyinin məhdudlaşmasına imkan vermişdir.

Nəticədə 2022-ci ildə istehlak portfeli üzrə orta aylıq artım tempi iyul ayından sonra 2.3%-dən 1.6%-ə azalmışdır.

Faiz dəhlizinin maliyyə sistemindəki faizlərə təsirinin gücləndirilməsi və bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyat normalarına dair yeni qərar qəbul edilmişdir. Qərara alınmışdır ki, 2023-cü ilin fevral ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlasınlar.

Qeyd olunan qərarlar monetar şəraiti sərtləşdirməklə inflyasiyanın tələb amillərinin effektiv tənzimlənməsinə imkan verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər