10 C
Baku
Friday, October 25, 2024

Mərkəzi Bank faiz qərarı verir – Son açıqlamasında dediyi kimi “pauza” realdırmı?

BANKER.AZ — Azərbaycan Mərkəzi Bankı 26 iyul tarixində uçot faiz dərəcəsi ilə bağlı qərar verir. Bu, ilin 7 iclasından 5-cisidir.

Bank ölkədə son aylarda inflyasiyanın bir qədər soyuması durumundan istifadə edərək faiz artımı rallisinə ötən ay pauza verdi və iyun iclasındakı siqnaldan bəlli oldu ki, sentyabrdan sonra faizlərinin endirilməsi potensial variantdır.

2021-ci ilin sentyabrına qədər uçot faiz dərəcəsi 6.25%-də idi. Pandemiyanın dünya ticarət zəncirində qiymətlərə təsir göstərməsi səbəbindən ölkədə xarici təsirlərdən inflyasiya yüksəldiyinə görə AMB faizləri artırmağa başladı. Hazırda uçot faiz dərəcəsi 9.00%-dir. Faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsindədir.

AMB son iki ildə 275 baza bəndi uçot faiz dərəcəsini qaldırmış olub.

Bununla belə, 2022-ci ilin aprelindən maliyyə bazarında geniş tənzimləmə mandatına sahib Mərkəzi Bankın sədri dəyişib. Taleh Kazımov bütün iclaslarında bildirib ki, “uçot faiz dərəcəsi işə düşməlidir”, bazar artıq bu şəraitə uyğunlaşmalıdır. Kazımovun vaxtında uçot faiz dərəcəsi üst-üstə cəmi 100 baza bəndi (4 dəfə artımla) qaldırılıb. AMB bununla bağlı bir sıra cəhdlər edib: məcburi ehtiyat normalarını qaldırıb, faiz dərəcəsinin aşağı həddi ötən ilin sentyabrında 125 baza bəndi endirilib və bununla da açıq bazar əməliyyatlarında pul yığımını davam etdirir. Həftəyə 120 mln. manatlıq not emisiyası ilə banklardan və hətta şirkətlərdən sterilizasiyanı davam etdirir.

23ioj3432

Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsini artırmaqda əsas məqsədi manatın inflyasiyasını hədəf çərçivəsinə salmaq, valyuta bazarında sabitliyi qorumaqdır. 2022-ci ilin sentyabrında 13.9%-ə yüksələn illik inflyasiya 2023-cü ilin iyun ayında 12.7%-ə qədər düşüb. Mərkəzi Bank faiz dərəcəsini nə qədər yüksəltsə belə, hazırda inflyasiya onun hədəf çərçivəsindən çox uzaqdır. Üstəlik inflyasiyanın düşməsində əsas təsiredici amil mövsümi məhsulların təsir etməsidir. Məsələn, iyunda qida məhsullarının 2.2% deflyasiyası qeydə alınıb. Qeyd etdiyimiz kimi AMB-nin hədəfi inflyasiyanı 2-4% aralığına salmaqdır. Valyuta bazarında sabitlik öncəki aylardakı kimi davam edir.

AMB-nin 21 iyun iclasındakı press-relizdən verilən mesaj budur ki, o, faizlə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək.

O mesaj da verilib ki, inflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək.

Mərkəzi Bank inflyasiyanın indiki çəkdiyi trayektoriyası ilə gedərsə, mümkün variant kimi uçot faiz dərəcəsi ilə bağlı qərarında nəinki sentyabradək “pauza”nı davam etdirəcəyi, bu qərarın müddətini daha da artırması realdır.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi də həftənin çərşənbə günü faiz qərarı verir. İqtisadçılar konsesus olaraq FED-in faiz dərəcəsini 5.25%-dən 5.50%-ə qaldıracağını ehtimal edirlər. Eyni ilə Avropa Mərkəzi Bankının isə faiz qərarını həftənin cümə axşamı 4.00%-dən 4.25%-ə qədər qaldıracağı ehtimal edilir.

Son xəbərlər
Digər xəbərlər