13 C
Baku
Tuesday, October 22, 2024

Məsud Pezeşkian sürprizdirmi?

İranda türk əsilli yeni Prezident Məsud Pezeşkianın seçilməsi bir sürpriz kimi qarşılandı. Hadisələrə fərqli bucaqlardan baxdıqda əslində bunun bir sürpriz olmadığı görünür. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi, İran dövlətinin bundan sonrakı dövründə Məsud Pezeşkianın hansı rol oynayacağını zaman göstərəcək. Amma indiki zamanda nə üçün türk əsilli bir şəxs Prezident seçildi?

İranın müxtəlif siyasətçiləri (keçmiş Prezident Ruhani seçki öncəsi öz dəstəyini açıq şəkildə ifadə etdi, hazırki dini lider Xamenei nəticələri qəbul etdiyini bildirdi və sair) Məsud Pezeşkiana dəstəklərini müxtəlif şəkillərdə bildirdilər. İndiki zamanda bunun səbəblərini təhlil etmədən qısaca İranın son 2500 illik tarixi üçün xarakterik olan bir neçə təsbit, fakt və tendensiyalara qısaca nəzər salsaq, bu seçkilərin də nəticələrinin tarixin bir parçası olduğunu görərik:

– Tarix boyu İranın diplomatiyası çox güclü olub, masa arxasında məğlub olmayıblar;

– İran tarix boyu həlledici döyüşlərdə məğlub olaraq imperiyalarını itirmiş, hətta dövlətçilikləri sual altına düşmüşdür (Əhəmənilər imperiyasından 20-ci əsrə qədər);

– Tarix boyu İranın ətrafında türk dövlətləri gücləndikdə, böyük türk imperiya (Teymurilər, Osmanlı, Səlcuqlar və sair) və birliklər qurulduqda İran birbaşa müharibələrə girməkdən ya çəkinmiş, ya da bu müharibələri hakimiyyətdə olan türk əsilli liderləri vasitəsilə həyata keçirmişlər;

– İranın zəiflədiyi dövrlərdə hakimiyyətə gəlmiş türk əsillli rəhbərlər İranın dövlətçiliyinin məhv olmaması və sonrakı mərhələlərdə güclənməsində böyük rol oynamışlar;

– Nəticədə belə demək olar ki, farslar diplomatiyada, türklər döyüş meydanlarında güclü olmuşlar;

– Bu gün… Yaxın Şərqdə İran dövlətinə yaxın qruplaşmalara qarşı ciddi mübarizə gedir. Son 100 illərin ən güclü Türk Dövlətləri Birliyi formalaşır. Türkiyə və türk dövlətlərinin nüfuzları artır, problemlərini həll edirlər, Orta Asiya dövlətləri və Qafqaz önəmli bir koridora, tranzit yoluna çevrilir, Orta Asiya dövlətləri iqtisadi inkişaf və bum dövrlərinə qədəm qoyublar, türk dövlətlərinin həm Avropa, həm ABŞ, həm Asiya ilə iqtisadi, siyasi və diplomatik əlaqələri normaldır. Bu sözlərdən heç birini İran haqqında demək olmur və orada proseslər bir çox hallarda əksinə gedir. Əlavə olaraq, İran və Suriyada məsələlərin həllini düyünə salan Fransada seçkilər və Makronun məğlub olma ehtimalınn yüksək olması İranı düşündürür. Belə bir dövrdə simpatiya, vaxt qazanmaq, İran dövlətçiliyini qorumaq naminə müəyyən güzəştlərə getmək, lazım gələrsə müəyyən reform və açılışlara da getmək daha uyğun variantdır. Dövlətçiliyi və ərazi bütövlüyünü saxlamaq naminə…

Haşiyə: İstənilən siyasi hadisə və dəyişiklikləri təhlil edərkən 3 baxış bucağının vahid birləşmə nöqtəsini tapmaq çox önəmlidir: 1) İqtisadi mənafe; 2) Tarixi yanaşma; 3) Hadisələri doğuran bu günki reallıq və şərtlər.

Məsələnin iqtisadi tərəflərinə növbəti yazıların birində toxunacağam.

Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər