8 C
Baku
Friday, March 29, 2024

Məhdud Əmr (Limit Order)

Müəllif:Dr. Fariz Hüseynov , Şimali Dakota Dövlət Universitenin maliyyə müəllimi

Əvvəlki yazıda əmrlərin bir forması olan bazar əmrlərindən bəhs etmişdik. İndi isə məhdud əmrləri təsvir edək. Məhdud əmr bazara göndərilən və göstərilən qiymətdən daha pis qiymətlə olmayan əqd bağlama əmridir.

Alış əmrində əqdin qiyməti məhdud qiymətə (limit price) bərabər və ya ondan aşağı, satım əmrində isə məhdud qiymətə bərabər ya da ondan yuxarı olmalıdır. Bazara göndərilən bazar əmrləri birbaşa bazar qiymətində icra olunursa, məhdud əmrlərin icra olunması üçün bu qiymətdə əks əmr olmalıdır. Belə əmr olmadıqda, məhdud əmr məhdud əmrlər siyahısında (limit order book) icra olunmağı gözləyir. Bu da onların bazar əmrlərinə nisbətən daha gec icra olunmasına səbəb olur.

Bazarın xarakteristikasına görə bu siyahını broker, birja və ya diler idarə edir. Aşağıda məhdud əmrlər siyahısına nümunə verilmişdir:

Son əqd Gündəlik ticarət həcmi
Qiymət (AZN) 19.95 Əmrlər 1,250
Həcm (səhm) 2,250,600
Alış əmri Satış Əmri
Səhmlər Qiymət Qiymət Səhmlər
90 19.90 20.05 150
100 19.89 20.07 100
100 19.85 20.10 200

Beləliklə ən yüksək alış təklifi 19.90 AZN, satış isə 20.05 AZN-dir. Ən son əqd 19.95 AZN-də icra olunub. Bazara gələn bazar əmrləri ən yüksək alış və ən aşağı satış qiymətli məhdud əmrlərlə icra olunur. Məsələn, bir investor 90 səhmlik bazar alış əmri göndərsə o 90 səhmi 19.90 AZN-yə alacaq. Bazarda növbəti ən yüksək alış həddi 19.89 AZN olacaq. Əgər bir investor bazara 19.92 AZN ilə alış təklifi göndərərsə bu alım əmrləri siyahısında ilk sırada dayanacaq. Buna yeni bazar yaratmaq deyilir. Məhdud əmrin icra olunması onun təklif qiymətindən asılıdır. Çox aşağı qiymətli alış və çox yuxarı qiymətli satış əmrinin icra olunma ehtimalı azdır. Çox yüksək qiymətli alış və çox aşağı qiymətli satış əmrləri isə agressiv əmrlər hesab olunur və onların icra olunma ehtimalı çox yüksəkdir.

İnvestorlar məhdud əmrlərini bazarın dinamikasına baxaraq müəyyən edirlər. Adətən investorlar tezsatılan (marketable) məhdud əmr göndərirlər. Tezsatılan alış əmrinin qiyməti bazarda ən yaxşı satış qiymətinə bərabər və ya ondan yüksəkdir. Tezsatılan satış əmri isə ən yaxşı alış qiymətinə bərabər və ya ondan aşağı olur. Bu onların həm icra ehtimalını artırır, həm də qiyməti qismən məhdudlaşdırdığına görə likvidlik üçün ödənəcək xərci azaldır.

Ən yüksək alış və ən aşağı satış qiyməti bazar həddi sayılır. Bu qiymətləri təklif edənlər bazar yaradırlar. Aşağıdakı cədvəldə bunu illustrasiya vasitəsilə təsvir edirik. Məhdud əmrlər investorlara likvidlik təklif edir. Bəzi investorlar təcili alış-satış etmək istədikləri üçün onların likvidliyə ehtiyacı var. Digər tərəfdən baxanda məhdud əmrlər opsiyonlardır. Məsələn, satış məhdud əmri digər treyderlərə istədikləri vaxt alma imkanı verən alış opsiyonu (call option) rolunu oynayır. Paralel olaraq, alış məhdud əmrlərini satış opsiyonu (put) kimi görmək olar. Bildiyiniz kimi alış (satış) opsiyonu müəyyən qiymət müqabilində qarşı tərəfə müəyyən varlığı razılaşdırılmış qiymətə satın alma (satma) haqqı verir. Əmrin qiyməti də opsiyonun istifadə qiymətinə oxşardır. Ancaq əsas fərq ondan ibarətdir ki, opsiyon bir müqavilədir və onu əldə etmək üçün müəyyən qiymət ödənməlidir. Məhdud əmrlər isə investorlar tərəfindən havayı təklif edilir və onları əldə etmək üçün, sadəcə, bazar əmri ya da tezsatılan məhdud əmr göndərmək lazımdır.

Məhdud əmrin əsas xüsusiyyəti onun qiymətidir. Əgər bu qiymət bazar qiymətindən uzaqdırsa əmrin dəyəri azdır. Əgər bazar qiymətinə yaxındırsa daha dəyərli hesab olunur. Eyni zamanda əmrin nə qədər sürətlə icra olunacağı ehtimalı da vacibdir. Qiyməti bazara yaxın olan əmrlər daha sürətlə istifadə olunur. Bəzən məhdud əmrlər siyahıda uzun müddət qalarsa və bazardan uzaqlaşarsa onları göndərən investorlar tərəfindən ləğv olunur. Bazarda qiymətlər çox dəyişkəndirsə məhdud əmrin bazara yaxın olma və icra olunma ehtimalı artır.

Məhdud əmrləri istifadə edənlər iki cür riskə məruz qalır. Birincisi əmrin icra olunmasının qeyri-müəyyən olmasıdır. Qiymət bazar həddindən uzaqlaşdıqca bu risk artır. Buna görə investorlar daha agressiv qiymətlər təyin edə bilərlər. Əlavə olaraq, bazar həddini tez-tez izləyərək əmrin qiymətini yeniləmək olar. Bu isə alış (satış) qiymətinin artırılması (azaldılması) deməkdir.

Digər risk isə əmrin icra olunduqdan sonra treyderin peşman olmasıdır. Bu o zaman baş verir ki, alınan (satılan) səhmin qiyməti daha sonra azalır (artır). Bu risk dilerlərin məruz qaldığı əsas riskdir. Dilerlər bazarda (diler mərkəzli bazarlar) likvidliyi təklif edirlər. Onlar alım-satımı icra etdikdən sonra qiymətlər onların əleyhinə dəyişə bilər. Bu, adətən, o zaman baş verir ki, dilerlər səhmin xalis dəyərini onlardan daha yaxşı bilən treyderlərlə ticarət edir. Buna əlverişsiz seçim riski deyilir. Bazardan uzaq qiymətlər təklif etməklə bu riskdən qorunmaq olar, ancaq bu əmrin icra olunma ehtimalını kəskin azaldır.

Beləliklə, treyder qiymət və zaman (icra olunma müddəti) faktorlarını nəzərə alaraq bazar və ya məhdud əmr formalarından birini seçir. Əsas məqsəd isə hər zaman olduğu kimi, ən əlverişli şərtlərlə ən uyğun həcmdə əmrin icra olunmasıdır.

Son xəbərlər
Digər xəbərlər