Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün verilən apellyasiya şikayətə baxılıb.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan S.Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.
Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumata görə, S.Müslümov nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunmuşdur. Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.