“Yerlərdə təhsil qurumlarına direktor təyinatı artıq Təhsil Nazirliyi tərəfindən icra olunacaq. Bu günə qədər ikili tabelik var idi, yeni sərəncamla bu məsələ həllini tapıb”
Bu fikirləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hər hansı vəzifələrin tutulması üçün qanunvericilik tərəfindən heç bir qadağa yoxdur: “Hansısa məktəbin sinif otağında baş verən hadisə birbaşa müəllimdən asılıdır. Forma yox, mahiyyət dəyişikliklərindən danışmaq lazımdır. Direktorlarım təyinatının şəffaf olması üçün proses düzgün qurulmalıdır. Daha mərkəzləşdirilmiş sistemə keçirik, bu da səmərəli şəkildə icra olunur. Əsas təyin olunan adamın peşəkarlığı və bu işin təşkilinin şəffaf olmasıdır. Direktorlar müsabiqə yolu ilə seçilirlər və iştirakçıların sayının az olduğu görünür. Bu gün ölkədə 500 direktor vəzifəsi boşdur. Problem bacarıq və səriştə ilə əlaqəlidir. Zamanla rəqabətli əmək münasibətləri sistemi ilə məsələ həllini tapacaq”.