9 C
Baku
Friday, December 13, 2024

Mənəviyyatlı maşınlar və eqoist botlar: süni zəka bəşəriyyəti necə dəyişdirə bilər?

Uzun illərdir robotların həyatımızı necə dəyişdirə biləcəyi ilə bağlı qorxular, elmi fantastika janrında olan bir çox əsərdə istifadə olunur.1940-cı illərdə insanlar və süni intellekt arasındakı qarşılıqlı təsir uzaq perspektiv kimi görünürdü, həmin dövrdə Ayzek Azimov robotların bizə zərər verməsinə imkan verməmək üçün “Robototexnikanın üç qanunu”nu dərc etdi. Birinci qanun: “robot insana zərər verə bilməz və ya hərəkətsizliyi ilə insana zərər verilməsinə yol verməyəcək”. Bu qanun robotların insanlarla birbaşa qarşılıqlı əlaqədə olması, o cümlədən bunun həm müsbət, həm də mənfi tərəfinin olduğunu göstərir. Klassik elmi-fantastik personajları xatırlayın: Star Wars filmində üsyançı alyansa imperiya ilə mübarizə aparmağa kömək edən C-3PO və R2-D2 və ya 2001: A Space Odyssey filmindəki HAL 9000. Lakihn bu obrazlar süni zəkanın insanların bir-biri ilə əlaqəsinə necə təsir edəcəyini nəzərə almırlar. 

Əlbəttə ki, radikal yenilik insanların bir yerdə yaşamaq üsullarını dəyişdirdi. Şəhərlər təxminən 5 və ya 10 min il əvvəl ortaya çıxıb və bu, köçəri həyat tərzindən əhalinin daha yüksək sıxlığına keçid demək idi. Bəli, biz həm fərdi, həm də kollektiv olaraq uyğunlaşdıq (məsələn, yeni şərtlər səbəbindən infeksiyalara qarşı müqavimət göstərməyi öyrəndik). Bir qədər əvvəl texnologiyalar, o cümlədən mətbəə, telefon və İnternet məlumatların saxlanması və ötürülməsi sahəsində inqilab etdi. 

Bu yeniliklər nə qədər vacib olsa da, insan davranışının “sosial dəst” adlandırdıqlarım əsas cəhətləri dəyişməmişdir: sevgi, dostluq, əməkdaşlıq və öyrənmə daxil olmaqla yüz minlərlə il ərzində inkişaf etdirdiyimiz qabiliyyətlər. İnsanın bu əlamətlərinin konturları istər kənd, istərsə də müasir texnologiyalardan istifadə edən şəhərdə öz ardıcıllığını qoruyub saxlayır. 

Lakin süni zəka düşündüyümüzdən daha dağıdıcı ola bilər. Maşınlar insanlar kimi  görünürlər və demək olar ki, özlərini bizim kimi aparırlar. Bu, cəmiyyətin nə qədər dostsevər və mərhəmətli olduğuna təsir göstərə bilər. Və nəinki birbaşa insan-maşın münasibətlərində, həm də bir-birimizlə qurduğumuz münasibətlərdə. 

Həmkarlarım və mən bu cür effektlərin necə görünə biləcəyini öyrənmək üçün Yel Universitetindəki laboratoriyamda bir neçə təcrübə apardıq. Gəlin, onlara nəzər salaq. Onlardan birində kiçik insan qruplarını humanoid robotlarla işləməyə göndərdik (virtual aləmdə dəmir yolları çəkmək). Hər bir qrup üç nəfərdən və kvadrat masa arxasında planşetdə işləyən kiçik robotdan ibarət idi. Qeyd edək ki, robot təsadüfi səhvlər etməyə və onları qəbul etməyə proqramlaşdırılmışdır. “Bağışlayın uşaqlar, mən bu raundda səhvə yol verdim. Bilirəm ki, buna inanmaq çətindir, amma robotlar da səhv edirlər”. 

Məlum oldu ki, bu bacarıqsız, amma səmimi robotun sayəsində qruplar daha yaxşı işlədi – o, insanlar arasında ünsiyyəti yaxşılaşdırdı. İştirakçılar özlərini daha rahat hiss edirdilər, tez-tez zarafatlaşıb gülürdülər. Digər virtual təcrübədə 4 min nəfəri 20 nəfərdən ibarət qruplara böldük və hər bir iştirakçıya “dost” təyin etdik. Bu dostluq sosial şəbəkə yaratdı. Bundan sonra qruplara tapşırıq verildi: hər kəs üç rəngdən birini seçməli idi (“dostunun” seçdiyi rəngi seçməmək şərti ilə). Bəzi qruplarda təsadüfi səhvlər etməyə proqramlaşdırılmış botlar var idi. Bu botlarla birbaşa əlaqə quran insanlar daha çevik işləyirdilər. Nəticədə səhvlərə meylli botlar olan qruplar digərləri üzərində üstünlük qazandılar. 

Hər iki tədqiqat “hibrid sistemlərdə” – insanların və robotların sosial qarşılıqlı əlaqədə olduqları yerlərdə – doğru süni zəka cihazının insan münasibətlərini inkişaf etdirə biləcəyini nümayiş etdirir. Bunu digər tapıntılar da təsdiqləyir. Məsələn, politoloq Kevin Manger İnternetdə bir-birini irqi mənsubiyyətə görə təhqir edən insanlara müdaxilə edəcək bot yaratdı. Botlar onlara təhqirlərin digər insanın hisslərinə zərər verə biləcəyini xatırladırdı və müəyyən situasiyalarda bu tədbir kifayət edirdi. 

Lakin süni zəkanın sosial mühitimizə daxil olması ilə biz həm daha az məhsuldar, həm də qeyri-etik davranmağa başlaya bilərik. Süni zəka kontekstində “cəmiyyətin faciəsi” anlayışının necə göründüyü, fərdlərin eqoist hərəkətlərinin ümumi mənafelərinə kollektiv şəkildə zərər verə biləcəyi fikrini başa düşmək üçün başqa bir təcrübə apardıq. Biz onlayn oyunun bir neçə raundunda istifadə etmək məqsədi ilə iştirakçılara pul verdik. Hər raundda onlara pullarını ya özlərinə saxlaya, ya da qonşulara bağışlaya biləcəklərini dedik. Öz pulunu başqalarına bağışlayanlara iki qat çox pul verirdik. Oyunun əvvəlində oyunçuların üçdə iksi alturist davrandı. Nəhayət, onlar qonşularına qarşı səxavətli olmağının qarşıdakı insanın da səxavətli olmasını sövq edə biləcəyini başa düşdülər. Lakin qısamüddətli faydaya yönəlmiş eqoistik nöqteyi-nəzərdən, öz pulunuz əldə saxlamaq və qonşudan əlavə pul almaq yaxşıdır. Bu təcrübədə eqoist davranan bir neçə bot iştirak etdikdə, insanlar da onlar kimi davranmağa başlayırdılar. Sonda oyunçular arasındakı işbirliyi tamamilə dayandı – botlar daha əvvəl səxavətli olan iştirakçıları eqoist insanlara çevirdi. 

Gəlin, bu tədqiqatın potensial nəticələrini nəzərdən keçirək. Əməkdaşlıq – ictimai həyat üçün zəruri olan xüsusiyyətlərdən biridir. Uğursuz insanları uğurlu insanlardan fərqləndirən əsas iki keyfiyyət etibar və səxavətdir. Əgər hamı qrupun adına qurban verirsə, deməli, hamı faydalanacaq. Bu normalar pozulduqda, ictimai yaxşılıq anlayışı yox olur və hamı zərər çəkir. Süni zəkanın bizim birlikdə işləmək bacarığımızı əhəmiyyətli dərəcədə sarsıda bilməsi çox ciddi bir məsələdir. 

Süni zəkanın digər sosial təsirlərini gündəlik həyatda görmək mümkündür. Uşaqların “Alexa” və ya “Siri” kimi rəqəmsal köməkçilərə kobud şəkildə əmr verməsini görən valideynlər, bu davranışın adi ünsiyyətdə də təkrarlanacağından qorxurlar. Belə ki, daha çox insanlarla deyil, süni zəka ilə ünsiyyət quran uşaqlarda “empatik əlaqə vasitələri” çox zəif inkişaf edir. 

Bundan əlavə, yaxın gələcəkdə qarşılaşa biləcəyimiz daha sadə problemlər də var. Məsələn, sürücüsüz avtomobillər. Əslində, bu cür avtomobillərin yol qəzalarının sayını azaldacağı güman edilir, çünki süni zəka insandan fərqli olaraq yorulmur. Bəs bunun başqa hansı nəticələri ola bilər? Sürücülük – yüksək səviyyədə əməkdaşlıq və sosial koordinasiya tələb edən qarşılıqlı əlaqədir. Düşünürəm ki, avtonom avtomobillər bu bacarıqların atrofiya olmasına gətirib çıxaracaq. 

Üstəlik, sürücülük məsuliyyəti nəqliyyat vasitələrinin üzərinə düşəcək, buna görə mənəvi mühakiməni də insanların yerinə onlar yürüdürəcək (məsələn, toqquşma anında hansı piaydanı vuracağına dair qərar vermək). Beləliklə, davamlı olaraq avtonom nəqliyyat vasitəsinin yanında hərəkət edən sürücülər, yolda daha az diqqətli ola bilərlər və bu, qəza ehtimalını artırır. 

İstənilən halda, sosial effektləri nəzərə almadan süni zəkanın yeni formalarını tətbiq etmək ağılsızlıq olar. Burada da avtonom avtomobillər üçün aparat və proqram təminatını hazırlayarkən işlətdiyimiz ixtiraçılıqdan istifadə etmək lazımdır. Unutmayın ki, avtomobilə quraşdırdığımız “stop” siqnalı təkcə özümüzün deyil, həm də onun  arxasınca gedən insanların xeyrinədir. 

1985-ci ildə, Ayzek Azimov robototexnika qanunlarını təqdim etdikdən dörd il sonra, siyahıya daha biri əlavə edildi: robot insanlara zərər verə biləcək bir şey etməməlidir. Lakin alim bu zərəri müəyyən edə bilmədi. “İnsan – konkret bir obyektdir. Ona dəyən zərəri qiymətləndirmək və hesablamaq mümkündür. Bəşəriyyət – abstraksiyadır”. 

Çox güman ki, süni zəka insanların qarşılıqlı əlaqəsinə davamlı və intensiv təsir göstərəcək. Bu isə o deməkdir ki, burada ikinci dərəcəli effektlərin yarana biləcəyini sistematik şəkildə araşdırmalı və onların cəmiyyətin xeyrinə tənzimlənməsi məsələsini müzakirə etməliyik. Yaxşı olar ki, əks sosial təsirlərə diqqət yetirək. Fərqi yoxdur nədən danışılır: su ehtiyatlarını çirkləndirən korporasiya, yoxsa ofis binasında siqaret çəkən insan. Nəticə eyni olacaq – birilərin hərəkətləri başqalarına təsir göstərməyə başlayanda cəmiyyət müdaxiləyə keçir. 

Tədqiqatçılar və praktikantlar – kompüter alimləri, mühəndislər, zooloqlar və sosioloqlar, – süni zəkanı başa düşmək üçün daha etibarlı nəzəri və texniki zəmin yaratmaq ümidi ilə “maşın davranışı” üzərində komanda şəklində işləyirlər. 

Bunu mümkün qədər tez etmək lazımdır. Çox uzaq olmayan gələcəkdə, proqramlaşdırma və müstəqil öyrənmə yolu süni zəkaya sahib olan maşınlar, bizim üçün qəribə olan bir sıra davranış formalarını nümayiş etdirə bilərlər. Biz sadə və qeyri-adi davranışı bir-birindən fərqləndirməyi bacarmalıyıq, o cümlədən süni zəkanın insanın sosial həyatının spektrlərinə təsiri mövzusuna diqqət yetirməliyik.  

Filosof Tomas Hobbs insanların nizamsız və şiddətli olmamaları üçün sosial müqaviləyə ehtiyac olduğunu idda edir. O yanlılırdı. Dünyada hökumətlərin yaranmasından çox-çox əvvəl, təkamül insanlara sülh və səmərəli şəkildə yaşamaq üçün bir sıra bacarıqlar bəxş edib. Bir sözlə, biz üni zəkadan əvvəlki dünyada sevgi, dostluq, əməkdaşlıq və öyrənmə üçün genetik olaraq miras qalmış qabiliyyətlərdən istifadə etmişik. 

Təəssüf ki, insanlarda robotların yanında yaşamaq üçün analoji bacarıqları inkişaf etdirmək üçün vaxt yoxdur. Buna görə də, onların həyatımızı məhv etməmələri üçün müəyyən tədbirlər görülməlidir. Süni zəka həyatımıza daha dərin nüfuz etsə, yeni sosial müqaviləyə ehtiyacımız ola bilər – insanlarla deyil, maşınlarla. 

 

 

 

Son xəbərlər
Digər xəbərlər