Azərbaycanda orta və uzunmüddətli dövr üçün büdcə ayırmalarının təmin edilməsi, o cümlədən Mənzil İnşaatı Dövlət Agentliyinin büdcəsinin hazırlanması Maliyyə Nazirliyi ilə birgə həyata keçiriləcək.
Bu, “Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”də qeyd edilib.
Mənzil İnşaatı Dövlət Agentliyi üçün büdcənin hazırlanması, təsdiqlənməsi və dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi üzrə tədbirlərin həyata keçirilməsinə dair bənddə gözlənilən risklər açıqlanıb: “Mənzil İnşaatı Dövlət Agentliyinin infrastruktur və idarəetmə imkanlarının, eləcə də institusional potensialının tam formalaşmaması onun səlahiyyətlərinin icrası ilə bağlı bir sıra çətinliklər yarada bilər. “Beynəlxalq təcrübə göstərir ki, uyğun qiymətə mənzil layihələrinin icrasının ilkin mərhələsində bu cür qurumlara həddindən artıq səlahiyyətlərin verilməsi sui-istifadə halları ilə nəticələnə bilər. Bundan əlavə, “MİDA” MMC-nin layihələri əsasında inşa edilmiş mənzillərin ümumi şəhərsalma planı ilə uzlaşması böyük əhəmiyyət daşıyır. Belə ki, “ikili planlama” şəhərin memarlıq planının pozulması ilə nəticələnə bilər”.
Sənəddə həmçinin vurğulanıb ki, Mənzil İnşaatı Dövlət Agentliyi öz təşkilati strukturunu və təşkilati inkişaf planının layihəsini hazırlayacaq: “Bu planda Agentliyin vəzifələri, əsas səmərəlilik göstəriciləri və müvafiq stimullar öz əksini tapacaq, zonalaşdırma və planlaşdırma, strateji planlaşdırma, tikintiyə nəzarət, iqtisadi təhlil, hüquqi məsləhət xidməti, insan resursları və s. daxil olmaqla, Agentliyin ilkin mərhələdə yaradacağı mühüm şöbələr əhəmiyyətlilik dərəcəsinə görə sıralanacaq, kadr potensialının inkişafı üçün büdcə tərtib olunacaq, şöbə rəhbərləri və işçilər üçün vəzifə təlimatlarının hazırlanması və iş bölgüsü prosesinə başlanılacaq.”