10 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank banklar üçün güzəştləri dayandırıb

Azərbaycan Mərkəzi Bankına görə, artıq pandemiya ilə əlaqadar 2020-ci ildən tətbiq edilən qaydanın uzadılmasına ehtiyac qalmayıb. Həmin qayda isə artıq tarixə qovuşdu.

Bildiyiniz kimi, AMB pandemiya ilə bağlı 24 aprel 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası”nı təsdiq etdi. Requlyator hər rüb bu müvəqqəti qaydaların müddətini uzadırdı. Düzdür, qaydanın müddətinin uzadılması ilə paralel hər rübdə bəzi “yumşalmalar” edilirdi.

Sonuncu qüvvədə olan qayda isə əsasən istehlak kreditləri (gecikmiş və s.) üzrə risk qruplarının müəyyən edilməsi ilə bağlı idi.

Qeyd edək ki, adıçəkilən qaydada bunlar tətbiq edilirdi:

– Kreditlərin təsnifləşdirilməsi. Kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlərin təsnifat kateqoriyası borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq subsidiyanın ödənildiyi tarixdən 01 aprel 2021-ci il tarixinədək pisləşdirilmir.

01 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlər restrukturizasiya olunduqda onun restrukturizasiyaya qədərki təsnifat kateqoriyası 01 aprel 2021-ci il tarixinədək pisləşdirilmir.

01 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilən güzəştli kreditlər 30 sentyabr 2020-ci tarixinədək restrukturizasiya olunduqda kreditin restrukturizasiyaya qədərki təsnifat kateqoriyası 01 aprel 2021-ci il tarixinədək pisləşdirilmir.

– Kreditlərin risk qrupları (01.04.2021-ci ilədək qüvvədə oldu). Tibbi ləvazimat və avadanlıqların istehsalçılarına verilən və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri 01 aprel 2021-ci il tarixinədək 20 (iyirmi) faizli (0.2 əmsallı) risk qrupuna aid edilir.

Borcun gəlirlilik nisbəti (40%) və istehlak kreditləri üzrə bəzi tətbiq edilən qaydalar 01 yanvar 2022-ci ilədək risk qrupuna daxil edilmirdi.

Kapitalın adekvatlıq əmsalı və onun hesablanması. 01 iyul 2021-ci il tarixinədək sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 11%-dən (normaldaqaydaya görə, 12%-dir), digər banklar üzrə isə 9%-dən (normalda: 10%) az ola bilməzdi.

Dividend ödənişi. Bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 01 oktyabr 2021-ci il tarixinədək təxirə salınmalı idi.

Bu barədə Banker.az-ın sorğusunu cavablandıran AMB bildirir ki, bu qayda 2022-ci ilin 1 yanvar tarixində artıq qüvvədən düşüb.

“Ümumiyyətlə, qəbul olunduqdan sonra Mərkəzi Bankın maliyyə sektoru üzrə requlyativ dəstəkləyici tədbirlər paketinə və sözügedən Qaydaya daxil edilən qərar və güzəştlərinin tətbiqi müddəti 5 dəfə uzadılıb.

2021-ci ilin əvvəlindən pandemiyanın gedişatına, eləcə karantin rejiminin yumşaldılması nəticəsində əksər fəaliyyət növləri və iqtisadi sahələr üzrə pandemiya ilə əlaqədar məhdudiyyətlər aradan qaldırılmasına uyğun olaraq Mərkəzi Bank tərəfindən requlyativ yumşalma rejimindən mərhələli çıxışa başlanılıb və bu çərçivədə bəzi təxirə salınmış requlyativ tələblər tədricən bərpa edilib, bəzi requlyativ güzəştlərin tətbiqi isə mərhələli şəkildə dayandırılıb”.

AMB-dən Banker.az-a o da bildirilir ki, dəstəkləyici tədbirlər paketinə və müvafiq Qaydaya dəyişikliklər son dəfə 30.09.2021-ci il tarixində təsdiqlənib.

“Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarına əsasən dəstəkləyici paketdə qüvvədə olan tədbirlərin tətbiqi müddəti 01 yanvar 2022-ci il tarixinədək uzadılıb”.

Son xəbərlər
Digər xəbərlər