Azərbaycan iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq Mərkəzi Bank 2025-ci ildə də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə işləyəcək və müntəzəm yeniləyəcəkdir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Qiymətləndirmələrə görə, 2025-ci ildə də tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir. Baza ssenari üzrə proqnozlara görə (neftin qiyməti 1 barelə görə 79,2 ABŞ dolları, qazın qiyməti min kub metrə görə 340 ABŞ dolları), 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti 5.5 mlrd. ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 7,2%-i səviyyəsində gözlənilir. Bu dövrdə də geosiyasi vəziyyət, əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft-qaz sektoru üzrə ixrac potensialı Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır.
2025-ci ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi proqnozlaşdırılır. Mərkəzi Bankın 2024-cü ilin oktyabr proqnozlarına görə, 2025-ci ildə real iqtisadi artım tempinin 3,3%, o cümlədən qeyri-neft sektoru üzrə 5,1% olacağı gözlənilir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir.
Bəyanatda həmçinin qeyd edilib ki, Enerji daşıyıcılarının dünya qiymətləri növbəti ildə də qlobal iqtisadi aktivlik, geosiyasi amillər və OPEC+ çərçivəsində qəbul edilən qərarların təsiri altında formalaşacaqdır. BVF-nin oktyabr hesabatında neftin qiyməti 2025-ci ildə ötən ilə nəzərən 10,4% az olmaqla 72,8 ABŞ dolları səviyyəsində proqnoz edilir. Lakin əksər beynəlxalq analitik mərkəzlərin proqnozları daha nikbindir. Məsələn, ABŞ-nin Enerji İnformasiya Administrasiyası neftin qiymətini 78 ABŞ dolları səviyyəsində proqnozlaşdırır.