Azərbaycan Mərkəzi Bankı (AMB) cari ildə yeddinci faiz qərarını verir.
Banker.az xəbər verir ki, AMB-nin İdarə Heyətinin qərarı 1 noyabr 2023-cü il tarixdə, çərşənbə günü açıqlanacaq.
AMB ilk altı iclasın üçündə faizləri 25 baza (0.25 faiz) bəndi artırıb və mayda uçot faiz dərəcəsi 9%-ə qaldırılıb. Ondan sonra reallaşan üç iclasda gözləmə mövqeyini məqbul hesab edib.
AMB-nin 21 iyun iclasında bildirilmişdi ki, cari ilin sentyabrınadək pauza götürülməsi, “sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları” nəzərdən keçirilməlidir. AMB həmin iclasdan sonra iki dəfə pauza verib.
20 sentyabr iclasında isə Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarlarının inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul ediləcəyi bildirilib.
Mərkəzi Bank birbaşa olaraq bazara təsirsiz olmuşdur və hazırda da təsirsiz olan uçot faiz dərəcəsinin artırılmasında məqsəd post-pandemiya dövründəki əsasən xarici amillərdən asılı olan istehlak qiymətlərini cilovlamaqdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya 2023-cü ilin sentyabrında 11%-in altına düşüb. Bu göstərici avqustda 11.7% idi. Qiymət artımlarının səngiməsində əsas amil kimi mövsümi ərzaq məhsullarını və idxal olunan bəzi məhsulları göstərmək olar, lakin cari durumda inflyasiya AMB-nin hədəf çərçivəsindən xeyli uzaqdadır. Əlavə olaraq, AMB uçot faiz dərəcəsini 2022-ci ilin əvvəlindən cəmi 1.5 faiz bəndi qaldırıb. Bu illər ərzində isə inflyasiya pik hədd olan 13.8%-dən cəmi 1.9 faiz bəndi düşüb.
AMB 2023-cü ilin iyun iclasında dediyi kimi, bu iclasda faizləri aşağı endirməyi düşünəcəksə, o zaman faizi hansı səbəbdən endirməsi ilə bağlı açıqlaması maraq doğurur.
Bununla belə, Mərkəzi Bank ötən müddət ərzində uçot faiz dərəcəsinin effektli olması üçün bir neçə monetar alətdən istifadə edə bilib. Requlyator son iki ildə açıq bazar əməliyyatlarını dayandırmayıb və manatın sterilizasiyasını davam etdirir. Digər tərəfdən isə məcburi ehtiyat normalarına tətbiq etdiyi yeni əmsallarla bank müştərilərinin 2.62 milyard manat ekvivalentində vəsaiti “işləksiz” vəziyyətdədir. Qeyd edilən rəqəm 2022-ci ilin iyuluna qədər 200 mln. manatın altında idi. Bu da bankların qeyd edilən vəsaitləri kredit və ya hansısa aktivə yönəldə bilməməsi deməkdir.