2022-2024-cü illər ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 54% (və ya 3.9 mlrd. ABŞ dolları) artaraq 11 mlrd. ABŞ dollar təşkil edib. Strateji valyuta ehtiyatlarının artımı iqtisadiyyatda iri həcmli manat emissiyasına səbəb olub. Bu şəraitdə Azərbaycan Mərkəzi Bankı (AMB) məcburi ehtiyat norması vasitəsilə bank sektorunda izafi likvidliyi sterilizasiya edib və pul siyasətinin ötürücülüyünü artırıb.
Bu barədə AMB-dən bildirilib. Qeyd edilib ki, bundan əlavə məcburi ehtiyat normalarının tətbiqi bank sektorunda de-dollarlaşma proseslərini dəstəkləyib.
Bununla yanaşı likvidliyin effektiv idarə olunması banklararası təminatlı və təminatsız bazar seqmentlərində aktivliyə səbəb olub, pul bazarında istinad faizlərinin formalaşmasına xidmət edib.
“Müsbət haldır ki, banklararası qısamüddətli pul bazarındakı faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir və dəhlizin parametrlərinin dəyişiminə reaksiya verir. Əlavə olaraq, banklararası qısamüddətli pul bazarındakı faizlər uzunmüddətli depozit və kredit faizlərinə təsir göstərir. Bütün bunlar faiz kanalının ötürücülüyünün yaxşılaşdığını göstərir”- AMB-dən əlavə edilib.