22 C
Baku
Friday, April 26, 2024

Mərkəzi Bank: Manatın “lövbər” məzənnəsi ötən il tələb-təklifə uyğun formalaşıb

2021-ci ildə Azərbaycan manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin yanvar-dekabr ayları üzrə Pul Siyasəti icmalına istinadən xəbər verir.

AMB bildirib ki, 2021-ci il ərzində tədiyə balansının irihəcmli profisiti valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunmuşdur ki, bu da qiymət sabitliyinin başlıca lövbərini-məzənnə sabitliyini dəstəkləmişdir.

İl ərzində Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta vəsaitlərinin satışları üzrə hərracların təşkili davam etdirilmişdir. Hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilmişdir. 2021-ci ildə Mərkəzi Bankda ümumilikdə 99 valyuta hərracı keçirilmişdir. Xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə yaranmış gözləntilər nəticəsində yanvar ayında valyuta bazarında tələb artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunmuşdur. Neftin dünya qiymətinin yüksəlməkdə davam etməsi nəticəsində gözləntilərin yaxşılaşması valyuta bazarına əlavə sabitləşdirici təsir göstərmişdir. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş və 245 mln. ABŞ dolları təşkil etmişdir.

İl ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. 2021-ci ildə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6993 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.0007 manat, satış məzənnəsi arasında fərq isə 0.0024 manat olmuşdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər