2026-cı ilin fevral iclası Azərbaycan Mərkəzi Bankının pul siyasətində yumşalmanın daha da artığı müşahidə edilir. AMB faizləri 2021-ci ilin sentyabrından bu tərəfə minimuma endirmiş olub.
Banker.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Bununla da uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.
Qərar mətnində inflyasiya artıq təkcə “hədəf daxilində” deyil, azalma meyli göstərən və qalıcı hissəsi nəzarət altında olan proses kimi təqdim olunur. Xüsusilə vurğulanır ki, “son 2 ayda inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur” və illik baza inflyasiyanın 4.8% səviyyəsində olması “inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir”.
Ümumi baxsaq əvvəlki iclaslarla müqayisədə inflyasiya riskləri ilə bağlı rahatlıq müşahidə edilir və uçot dərəcəsinin azaldılmasını əsaslandıran başlıca faktor kimi çıxış edir.
Son trenddə əsasən Mərkəzi Bank iyundan bu tərəfə yumşaq mövqeyə daha çox meyllənib. Bunu biz aşağıdakı şəkildən də aydın görə bilirik:
Dekabr 2025-ci il iclasıda inflyasiya “hədəf daxilində” qiymətləndirilsə də, risklər hələ də ehtiyatlı şəkildə təqdim edilirdi və yalnız “növbəti ilə inflyasiya proqnozunun azalma istiqamətində dəyişdirilməsi ehtimalı” qeyd olunurdu. Fevral qərarında isə bu ehtimal artıq reallaşmış qərar kimi görünür. 2026-cı il üzrə inflyasiya proqnozu oktyabrdakı 5.7%-dən 5.5%-ə endirilib, 2027-ci il üçün isə 4.0% səviyyəsində hədəfin mərkəzinə yaxınlaşma gözlənilir.
Mərkəzi Bankın inflyasiya ilə bağlı hədəf çərçivəsi 2-6% intervalındadır. AMB adətən bu səviyyənin yuxarı həddini keçdikdə sərtlənməyə, aşağı həddini düşərək keçdikdə yumşalmağa doğru addımlar atır.
2026-cı ilin fevral qərarında Mərkəzi Bankın rahatlamasının əsas səbəblərindən biri xarici sektorun yaratdığı güclü buferdir. Qqərar mətnində bildirilir ki, “valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir”. Nağd valyuta bazarında təklifin tələbi üstələməsi, əmanətlərin dollarlaşma səviyyəsinin 28%-ə enməsi və Mərkəzi Bankın valyuta ehtiyatlarının 11.5 mlrd. ABŞ dollarına çatması məzənnə kanalı üzrə risklərin minimuma endiyini göstərir. 2025-ci ildə mübadilə şöbələri (bank və “exchange”lərin) tərəfindən nağd xarici valyutanın alışı satışını 423 mln. ABŞ dolları üstələyib.
Son iki iclasın müqayisəsi göstərir ki, dekabr 2025-ci ildə cari əməliyyatlar balansı əsasən mövcud ilin göstəriciləri ilə məhdudlaşdırılır və proqnozlar dəyişməz saxlanılırdı. Fevral 2026 qərarında isə ritorika daha irəli gedərək 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı qeyd olunur. Xüsusilə qızıl idxalı çıxılmaqla ticarət balansının 6.9 mlrd. ABŞ dollarını üstələməsi xarici mövqenin keyfiyyət baxımından da möhkəmləndiyini qeyd edilir.








