2022-ci ildə əhalinin nominal gəlirlərinin 20%-i üstələyən artımının ardınca cari ildə növbəti sosial islahat paketinin reallaşması və kredit aktivliyi məcmu tələbin əsas komponenti olan istehlakı əhəmiyyətli artıra bilər.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərəzi Bankından faiz dəhlizinin parametrləri ilə bağlı məlumatda bildirilir.
2022-ci ilin dekabrında illik inflyasiya 14.4% olmuşdur ki, bu da 2022-ci ildə müşahidə edilən pik səviyyə (sentyabr ayında 15.6%) ilə müqayisədə cəmi 1.2 faiz bəndi azdır.
İnflyasiyanın əsas struktur komponenti olan ərzaq inflyasiyası 19% olmaqla yüksək olaraq qalır. İstehsalçı qiymətləri (dekabrda illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 10.2%, qeyri-neft sənaye qiymətləri indeksi üzrə 10.6% olub) və idxal qiymətləri (noyabrda illik idxal qiymətlərinin artımı 23.4% olub) indekslərinin artım templəri ikirəqəmli səviyyədədir.
İnflyasiya gözləntilərinin həssaslığı da inflyasiya riskləri sırasındadır. 2022-ci ilin dekabrında keçirilən sorğuların nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı 2 faiz bəndi artaraq 22%-ə yüksəlmişdir. Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. Yenilənmiş proqnozlara görə baza ssenari üzrə fərziyyələr sabit qalarsa 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir.