Azərbaycanda maliyyə sektorunun ümumilikdə 2021-ci ildə yaxşı nəticələrinə rəğmən Azərbaycan Mərkəzi Bankı həmin ili 163 milyon manatlıq xalis zərər etdi.
Banker.az xəbər verir ki, bu barədə göstəricilər KPMG audit şirkəti tərəfindən aparılan hesabatda deyilir.
İlk öncə faiz gəlirlərindən başlayaq
Azərbaycan Mərkəzi Bankının faizlərdən gəliri öncəki illə müqayisədə 20% azalmaqla 121.09 mln. manata düşüb. Requlyatorun faiz gəlirlərindəki enişi dəstəkləyən əsas amil ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli kağızlardan gəlirlərin 28.4% azalaraq 84.42 mln. manata düşməsidir. AMB-nin yerli banklara verdiyi kreditlər üzrə isə cəmi 4.98 mln. manatlıq faiz gəliri daxil olub. Bu öncəki ildə 6.89 mln. manat idi.
Gəlirlərinin azaldığı halda, faiz xərcləri yüksəlib. Rezident banklara 76.22 mln. (2020: 111.97 mln) manatlıq faiz ödənişi etmiş, diskontlaşdırılmış pul vəsaitlərinin hərəkəti modelinə əsasən qiymətləndirilmiş maliyyə aktivləri üzrə diskontun amortizasiyası 59.9 mln. manatlıq xərci olmuş və 29.96 mln. manatlıq qiymətli kağızlar üzrə xərc təşkil edib ki, bu da ümumilikdə 166.46 mln. manatlıq faiz xərcidir. Bu 2020-ci ildə 149.13 mln. manat idi.
Beləliklə, faizlər üzrə Mərkəzi Bankın 35.23 mln. manatlıq zərəri olub.
Qeyri-faiz gəlir və xərcləri
Haqq və komissiya gəlirləri 2 dəfə artaraq 20.49 mln. manata yüksəlimiş, bu qəbildən olan xərcləri isə 41% azalaraq 3.83 mln. manata düşmüşdür.
Mərkəzi Bankın inzibati xərcləri 17% azalaraq 79.57 mln. manata düşüb. Xüsusi qeyd edilməldir ki, AMB bu xərclərinin azalmasına kağız və metal pulların istehsalı və nəqli üzrə xərclərin son iki ildə 31.21 mln. manatdan 8.12 mln. manata düşməsidir.
AMB-nin zərərindən digər əsas amil isə amortizasiya xərclərinin yaranmasıdır.
Bu zərərlər belədir:
Amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə aktivlərinin ədalətli (diskontlaşdırılmış) dəyərdə ilkin tanınması üzrə zərər 6.41 mln. manat, (öncəki il 75.74 mln. manat idi);
Ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərə aid olunan qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 16.19 mln. manat (öncəki ildə 10.57 mln. manat mənfəət);
Ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli kağızların realizasiyası üzrə xalis zərəri 35.39 mln. manat (öncəki ili 19.01 mln. manat mənfəət);
Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 60.3 mln. manat (öncəki ildə 66.04 mln. manat idi).
Törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri isə 23.25 mln. manat olub, halbu ki, öncəki ildə bu 14.59 mln. manat zərər idi.
Beləliklə, digər gəlir və xərclər çıxıldıqdan sonra Mərkəzi Bankın xalis zərəri 162 milyon 746 min manat olub. Bu 2020-ci ildə 52 milyon 485 min manatlıq xalis mənfəət idi.
Bununla da dövlət büdcəsinə 250 mln. manatlıq dividend ödənişindən sonra və il üzrə zərərdən sonra bölüşdürülməmiş mənfəət 183.26 mln. manata düşüb.