Mərkəzi Bank yeni nəsil milli pul nişanlarının konsepsiya mövzusunu və nominallar üzrə alt mövzuları müəyyənləşdirmək üçün ictimai sorğu keçirir.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Qeyd olunur ki, Mərkəzi Bank bu sorğu vasitəsilə pul nişanlarının yenilənməsini həyata keçirməklə yanaşı, həm də onların müasir milli priroritetlərə və çağırışlara uyğunluğunu təmin etməyi hədəfləyir.
Onlayn surətdə keçirilən sorğuda iştirak edən vətəndaşlar mövzular üzrə təkliflərini Mərkəzi Bank ilə bölüşmək imkanı əldə edir.
“Beynəlxalq təcrübədə hər 10-15 ildən bir pul nişanlarının yenilənməsi, o cümlədən yeni nəsil milli pul nişanlarının yaradılması həyata keçirilən bir təcrübədir. Bu zaman dövrün tələblərinin, cəmiyyətin gələcək inkişaf strategiyasının, yeni iqtisadi və siyasi reallıqlardan meydana gələn çağırışların cəmiyyətə çatdırılması kimi mühüm faktorlar nəzərə alınır.
Torpaqlarımızın işğaldan azad olunaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ölkəmizin regionda və dünyada siyasi-iqtisadi səviyyədə yeni bir müstəviyə qədəm qoymasını şərtləndirib. Bu da öz növbəsində əsas dövlətçilik atributlarından olan milli pul nişanlarımızın yeni dövrə və çağırışlara uyğunlaşdırılması məsələsini gündəmə gətirib”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, Azərbaycanın hazırda tədavüldə olan milli pul nişanları – Manat ”Müstəqil Azərbaycan” konsepsiya mövzusuna həsr olunmaqla 2006-cı ildə dövriyyəyə buraxılıb. Bu konsepsiya çərçivəsində pul nişanlarımızın hər bir nominalı ayrı-ayrılıqda alt mövzulara həsr edilib. 2018-ci ildə isə Mərkəzi Bank tərəfindən “Müstəqil Azərbaycan” konsepsiyası çərçivəsində 200 manat nominallı kağız pul nişanı tədavülə buraxılıb (geniş məlumat üçün https://www.cbar.az/moneymarks/banknotes?category=1).
Beləliklə, yeni nəsil milli pul nişanlarının konsepsiyası mövzusuna dair sorğuda iştirak etmək üçün link vasitəsilə anketi yükləmək, müvafiq məlumatları qeyd etdikdən sonra yekun anketi cari ilin oktyabr ayının 1-dək [email protected] e-mail ünvanına göndərmək tələb olunur.
Vətəndaşlar bu sorğuda iştirak edərək təkliflərini Mərkəzi Bank ilə bölüşə bilərlər.