13 C
Baku
Friday, April 26, 2024

Mərkəzi Bank “pul sovuran” maşınını niyə söndürüb?

BANKER.AZ — Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ilin üçüncü rübündən anti-inflyasiya tədbiri olaraq mütəmadi olaraq bazardan pulu yığmaq üçün not hərraclarını keçirməyə başladı və bu 2023-cü ilin 1 fevralına qədər davam etdi. Həmin tarixdən sonra bir not hərracı belə keçirilməyib.

AMB ötən il uçot faiz dərəcəsi ilə paralel olaraq ölkədə manatı inflyasiyadan qorumaq üçün iki alətdən də yararlanmağa çalışdı. Bunlar not hərracları və məcburi ehtiyat normaları idi.  Ötən ilin aprelindən yeni sədrlə faizlərin iqtisadiyyata təsirini təmin etmək yolunda bu iki alətdən istifadə etməyə başladılar. Məcburi ehtiyat normalarındakı əmsalların 5%-ə qədər artırılmasından sonra AMB-dəki bu vəsaitlərin həcmi 1.4 mlrd. manata çatdı.

Mərkəzi Bankın İdarə Heyəti 1 sentyabr 2022-ci il tarixində plandankənar faizlə bağlı iclası təşkil etməklə uçot faiz dərəcəsinin aşağı həddini 6.25%-dən 4%-ə endirdi. Bu, öncədən də sterilizasiya ilə bazardan pulun yığılması üçün atılan bir addım olduğu məlum idi. Üstəlik bir həftəlik repo əməliyyatları da 2007-ci ildən bu tərəfə ilk dəfə aktiv edilməyə başlandı.

AMB Bakı Fond Birjasında yeni müddətli notları yerləşdirməklə pul kütləsinin tənzimlənməsini (sterilizasiyası) həyata keçirməli olur. Notları isə 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır. AMB bunu notlar “faiz dəhlizi” prinsipi tətbiq edilmədən yerləşdirir. Bir növ “pul sovuran” bir maşın kimi iqtisadiyyatdan pulu Mərkəzi Banka gətirir ki, bankların əlində sərbəst vəsaitlər azalmağa başlayır. Bir tərəfdən məcburi ehtiyatlar və digər tərəfdən isə not emissiyası ilə ölkədə krediti bahalı etməyə yönəlir ki, bu da nəticədə kreditləşməni azaltmaqla inflyasiyanı cilovlamağa hesablanır.

AMB 2022-ci ilin sentyabrın 1-dən 2023-cü ilin fevralın 1-ə qədər hər həftə ərzində 120 mln. manatlıq notlar buraxaraq banklardan pulları yığmağa başladı. Lakin fevralın 1-dən, hansı ki Mərkəzi Bank ilin ilk faiz qərarını verdi – not hərracını dayandırıb.

 “2022-ci ilin sentyabrından başlayaraq yeni pul siyasəti alətlərinin tətbiqi nəticəsində həm təminatlı, həm təminatsız banklararası bazarda ilk dəfə olaraq qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə reaksiya verməyə başlamışdır” – Faiz parametrlərinə dair son iclasdan.

Taleh Kazımov Mərkəzi Banka sədr təyin ediləndən sonra onun necə deyərlər “xaricdəki kimi” faiz parametrlərinin iqtisadiyyata təsirinin olmasını qarşısına məqsəd qoyub. Bildirir ki, bu monetar alət indiyə qədər bazara təsirsiz olub. T.Kazımov və onun komandası bir neçə iclasda faizlərin artıq kreditlərə təsirinin cücərtilərini auditoriyaya çatdırıblar. Monitorinqlər bunun açıq bazar əməliyyatlarında təsirli olduğunu göstərsə də, kredit bazarında hər şey əvvəlki qaydadadır. Ölkədə inflyasiya 13% üzərində olarkən, 12%-lə banklar tərəfindən “sərfəli istehlak kreditləri” reklam olunmaqdadır. Mərkəzi Bank bununla bağlı Banker.az-ın sorğusuna cavab olaraq etiraf etmişdi ki, faiz parametrlərinin pul siyasətinə transmissiyası, yaxud təsiri üçün 8 rüb gözləməliyik. Digər tərəfdən bankların maliyyə mənbəsinin böyük əsası müştəri depozitləridir ki, bu da AMB-nin “iradəsi” kənarındadır.

Yanvar ayında yeni verilmiş manat kreditlərinin faizləri  15.85%-dən 16.43%-ə qalxarkən, yeni cəlb edilmiş depozitlərin isə 8.35%-dən 7.80%-ə düşüb.

AMB 1 fevraldakı iclasında uçot dərəcəsi 25 baza faiz bəndi artımla 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 50 baza bəndi artımla 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 25 baza bəndi artırmaqla 9.5%-ə qaldırıb. Bununla hazırda Azərbaycanda MDB-də ikinci ən aşağı uçot faiz dərəcəsi tətbiq edən bank olub.

Mərkəzi Bank 2022-ci ilin sentyabrından 3 mlrd. 918.6 mln. manat həcmində notlar buraxmaqla vəsait cəlb edib. 2023-cü ilin yanvar ayında 28-gündən tutmuş 252 gün tədavül müddəti üzrə notlardan 1 mlrd. 401.1 mln. manat vəsait cəlb edib.

Mərkəzi banklar adətən iqtisadi göstəriciləri nəzərə almaqla sterilizasiyanı yavaşlada bilirlər. Çünki bazardan pulun yığılması iqtisadi aktivliyi azaldır. Yeri gəlmişkən, Azərbaycan iqtisadiyyatında 2023-cü ilin ilk ayında 1.5% resessiya (ÜDM: 9.69 mlrd. manatlıq) qeydə alınıb.

Son iclasda requlyator açıqladı ki, Mərkəzi Bankın notları və dövlət qiymətli kağızları üzrə gəlirlilik səviyyəsində də adekvat reaksiya müşahidə edilir. Sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün Mərkəzi Bank not hərraclarının şərtlərinə müntəzəm olaraq yenidən baxdığı bildirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər