11 C
Baku
Tuesday, December 9, 2025

Mərkəzi Bank sabah faiz qərarı verir: gözlənti nədir?

Azərbaycan Respublikasının Mərkəzi Bankı sabah – 10 dekabr 2025-ci il saat 11:00-da faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.  Banker.az xəbər verir ki, AMB-nin İdarə Heyətinin qərarı barədə press-reliz rəsmi kanallarda ictimaiyyətə təqdim olunacaq. Bu tənzimləyicinin son iclasıdır.

Qeyd edək ki, Mərkəzi Bank sonuncu dəfə oktyabr ayındakı iclasında uçot dərəcəsini 7%, faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini isə 8% səviyyəsində dəyişməz saxlamışdı. Həmin qərar faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (2–6%), beynəlxalq iqtisadi vəziyyət, daxili makroiqtisadi göstəricilər və pul siyasətinin real sektora ötürülmə mexanizmləri nəzərə alınaraq verilmişdi.343242r scaled

Oktyabr iclası əvvəlki aylarla müqayisədə daha ehtiyatlı tonla yadda qalmışdı. AMB bəyan etmişdi ki, inflyasiya üzrə risklər balansında ciddi dəyişiklik yoxdur və pul siyasəti “ehtiyatlı müşahidə rejimində” davam edir. Bu, Mərkəzi Bankın iyul və sentyabr aylarında nümayiş etdirdiyi daha neytral və qismən yumşaldıcı yanaşmadan fərqlənirdi. İyulda inflyasiyanın “proqnozla uyğun”, sentyabrda “proqnoz trayektoriyasına yaxın” olduğu vurğulanmışdısa, oktyabrda vəziyyət “proqnozla uzlaşır, lakin təklif amilləri ilə yuxarı risk var” kimi qiymətləndirilmişdi.

 

Son məlumatlara əsasən oktyabr ayında aylıq inflyasiya 0.5%-ə, illik 5.9%-ə yüksəlmiş, orta illik göstərici isə 6.9% təşkil edib. Hazırda illik inflyasiyanın yuxarı həddi Mərkəzi Bankın hədəf çərçivəsinin tavan həddidir. Adətən bu həddi keçdiyi halda mərkəzi banklar pul kredit siyasətində sərtləşməyə meyilli olurlar. Əlavə olaraq uçot faiz dərəcəsi ilə illik inflyasiya arasındakı spred və ya fərq daralıb. İndiki halda tənzimləyici müşahidə mövqeyində çıxış etməsi daha real variant kimi görünür.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-2028-ci illərdə Azərbaycanda orta illik inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır. S&P-nin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-dən 5,7 %-ə qədər sürətlənəcək. Lakin, 2026-cı ildə inflyasiya 4,7 %-ə, 2027-ci ildə 4,4 %-ə, 2028-ci ildə isə 4 %-ə qədər enəcək.

7668678 scaled

Azərbaycanın İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin oktyabr ayı) əsasən, cari ildə inflyasiya 6 % həddində, 2026-cı ildə isə təxminən 5,7 % olacaq.

“ING Group” 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 5,7 %, 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 8,9 % olacağını proqnozlaşdırır.

BMT 2025-ci ildə Azərbaycanda inflyasiyanı 3,6 %, gələn il isə 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % olacağını gözləyir.

Asiya İnkişaf Bankı 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4,2 %, 2026-cı ildə isə 3,5 % olacağını proqnozlaşdırır.

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın cari və növbəti illərdə müvafiq olaraq 4 % və 3 %, “Fitch Ratings” 2025-ci ildə 5,3 %, 2026-cı ildə 4,6 %, “Fitch Solutions” 2025-ci ildə 5,7 %, 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində olacağını proqnozlaşdırır.

Xatırladaq ki, AMB-nin inflyasiya proqnozları da bir qədər yenilənmiş, 2025-ci il üzrə illik inflyasiya gözləntisi 6%-ə, 2026-cı il üçün isə 5.7%-ə yüksəldilmişdi. Proqnozdakı dəyişikliklər əsasən təklif yönlü amillərlə izah olunurdu.

 

Son xəbərlər
Digər xəbərlər