Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.75%-dən 6.5%-ə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə Banker.az AMB-yə istinadən xəbər verir. İclas həftənin cümə günü keçirilib.
Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilmişdir.
Qeyd edək ki, Mərkəzi Bank 2020-ci ildə 5 dəfə faiz qərarına dair qərar verib, 3-ündə faizin endirilməsinə (hər birində 0.25%) qərar verib, 2-sində isə dəyişməz saxlayıb.
Bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilmişdir. Uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektoriyasından, beynəlxalq konyunkturdan və valyuta bazarındakı vəziyyətdən asılı olaraq qəbul ediləcəkdir.