Azərbaycanda monetar əməliyyatlar banklar tərəfindən likvidliyin effektiv idarə olunmasına, banklararası bazarda aktivliyə və gəlirlilik əyrisinin formalaşmasına müsbət təsir etmişdir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Hesabat dövründə banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda aktivlik müşahidə olunmuşdur. 11 ayda Blumberq platformasında banklar arasında milli valyutada 94,4 mlrd. manat məbləğində 3365 əqd bağlanmışdır.
Bu əməliyyatların 97%-nin müddəti 1-3 günlük olmuşdur. Bu dövrdə banklararası REPO bazarında 10,3 mlrd. manat həcmində 630 əqd bağlanmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Blumberq platformasında bağlanılan əməliyyatların həcmi 3,4 dəfə, banklararası REPO bazarındakı əməliyyatların həcmi isə 2,3 dəfə artıb.
Təminatsız pul bazarında faizlər dövr ərzində faiz dəhlizinin dəyişiminə reaksiya vermiş, orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində formalaşmışdır. 2024-cü ilin noyabr ayında banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1D AZIR) 7,66% təşkil etmişdir. Qeyd edək ki, hesabat dövründə banklararası pul bazarı üzrə faizlərin kommunikasiyasının gücləndirilməsi istiqamətində də işlər görülmüşdür.
Təhlillər göstərir ki, pul siyasəti qərarlarının faiz kanalı ilə ötürücülüyü tədricən yaxşılaşmaqdadır. Belə ki, banklararası faizlərlə bəzi depozit növləri üzrə faizlər eyni istiqamətdə dəyişir. Eyni zamanda banklararası pul bazarındakı faizlər müxtəlif müddətli qiymətli kağızların da gəlirliliyinə təsir edir.