Azərbaycan Mərkəzi Bankı(AMB) valyuta və depozit hərraclarını Bloomberg hərrac platforması vasitəsilə həyata keçirir. Bu barədə Banker.az-a AMB-dən xəbər verilir.
Özünün çevik hərrac üsulları ilə valyuta və depozit hərraclarının təşkil edilməsi sahəsində qabaqcıl texnologiyalarını təqdim edən Bloomberg hərrac platforması hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin pul siyasəti əməliyyatları üzrə vahid platforma rolunu oynayır.
Maliyyə nazirliklərinə və mərkəzi banklara maliyyə bazarlarında əməliyyatların həyata keçirilməsi şəraitini yaradan bu platformanın texniki imkanları son zamanlar daha da genişləndirilmişdir. Belə ki, Bloomberg hərrac platforması əvvəllər yalnız qiymətli kağızlarla alqı-satqı və repo əməliyyatların aparılmasını dəstəkləyirdisə, Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə platformaya valyuta (“spot” və “forvard”) və depozit hərraclarının təşkil edilməsi imkanı da əlavə edilərək təkmilləşdirilmişdir.
Qeyd edək ki, Bloomberg çoxtərəfli (multi-asset) hərrac platforması bazar iştirakçılarına Mərkəzi Bankın hərraclarını izləmək və hərraclarda iştirak etmək imkanını yaradır. Bu, bazar iştirakçıları üçün depozit, valyuta, repo və notların yerləşdirilməsi üzrə hərracların təşkil edilməsinə imkan verən geniş funksionallıqlar dəstinin tərkib hissəsidir. Hərrac məlumatları avtomatik şəkildə Blumberqin FX Elektron Treydinq Platformasına (FXGO) ötürülür. Blumberq Peşəkar Xidmətləri (Bloomberg Professional Services) abunəçiləri üçün əlçatan olan bu sistem Blumberqin statistik məlumat, xəbərlər, analitika və kommunikasiya funkionallıqlarına tam inteqrasiya olunmuşdur.