Azərbaycanda pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsinə dair press-relizindəki şərhində bildirilir.
Bu alətlərdən aktiv istifadə pul bazarında orta faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin edir.
İyun ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.75% (mayda 6.88%) olmaqla faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb.
Mərkəzi Bank avtonom (pul siyasətindən kənar) amillərin, xüsusən də dövlət büdcəsindəki profisitlə əlaqədar olaraq hökumət hesabları qalıqlarının artımının bank sistemindəki likvidliyə azaldıcı təsirini nəzərə almaqla sterilizasiya əməliyyatlarının həcmini azaldıb.
Xatırlatma: AMB-nin İdarə Heyətinin 21 iyun tarixli qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
AMB sterilizasiya əməliyyatlarını notlar buraxmaqla Bakı Fond Birjasında aparır. Yeni müddətli notların yerləşdirilməsində məqsəd Mərkəzi Bankın sterilizasiya alətlərini müddət üzrə diversifikasiya etməklə gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasına şərait yaradılması, bütövlükdə qiymətli kağızlar bazarının inkişafına və bu əsasda banklararası pul bazarının aktivləşməsini dəstəkləməkdir.
Yeni müddətli notlar “faiz dəhlizi” prinsipi tətbiq edilmədən yerləşdirilir. Yəni yeni müddətli notlarla bağlı keçirilən hərraclarda təqdim olunacaq sifarişlər Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi diapozonu ilə məhdudlaşmır və faizlər hərrac iştirakçılarının bazar faizləri ilə bağlı gözləntisini əks etdirir.
Notların yerləşdirilməsi üzrə hərracların keçirilməsində yeniliklərdən biri də hesablaşma rejimindəki dəyişikliklərdir. Belə ki, notlarla bağlanmış əqdlər üzrə hesablaşmaların daha rahat icra edilməsi üçün Mərkəzi Bankın bütün müddətlərdə yerləşdirdiyi notları ilə bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçirilir.