14 C
Baku
Monday, May 6, 2024

Mərkəzi Bank yubiley və xatirə pul nişanlarındakı dəyişikliyi şərh edib

Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubileyxatirə pul nişanlarının satışı Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”na  əsasən həyata keçirilir.

Mərkəzi Bankın İdarə Heyətinin 28 sentyabr 2022-ci il tarixli 43/1 nömrəli Qərarı ilə Qaydaya dəyişikliklər edilib, bunu Banker.az-a Mərkəzi Bankdan bildiriblər.

Dəyişikliyə əsasən yubiley və xatirə pul nişanlarının fiziki şəxslərə satışı “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” ilə yanaşı, sistemə müraciət etmədən, birbaşa Mərkəzi Bankın kassaları vasitəsilə həyata keçirilməsi də nəzərdə tutulur. Bu zaman, “Nağdsız hesabalaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.11-ci maddəsinin tələbləri nəzərə alınaraq ödənişin məbləği 4 000 (dörd min) manatdan artıq olduqda, ödəniş yalnız bank hesabı vasitəsilə həyata keçirilə bilər. Eyni zamanda, banklar istisna olmaqla digər hüquqi şəxslərə yubiley və xatirə pul nişanlarının satışı, o cümlədən hüquqi şəxslər vasitəsilə satışı Mərkəzi Bankla bağlanmış müqavilə əsasında həyata keçiriləcəkdir.

Bununla yanaşı əcnəbi və vətəndaşlığı olmayan şəxslər də “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”ndə İstifadəçi FİN-i, Asan imza və ya elektron imza vasitəsilə qeydiyyatdan keçərək yubiley və xatirə pul nişanlarının real vaxt rejimində satın alınması hüququnu əldə etmişdir.

Eyni zamanda əhalinin nəzərinə çatdırılır ki, Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanları, onların qalıqları və qiymətləri barədə məlumatlar gündəlik əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir (https://www.cbar.az/moneymarks/coins?category=2). Bu pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”nə daxil olaraq (https://coin.e-cbar.az/home) real vaxt rejimində satın ala və ya həftənin II və IV günləri saat 10:00-dan 13:00-dək Mərkəzi Bankın Bakı şəhəri, Bülbül pr.27 ünvanında yerləşən inzibati binasında və ərazi idarələrində (Yevlax EM, Gəncə RM, Biləsuvar RM, Quba RM, Naxçıvan MR İdarəsi) yerləşən kassalarından əldə edə bilərlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər