Azərbaycan Respublikası Mərkəzi Bankı 2026-cı ildə rəqəmsal valyutanın tətbiqi ilə bağlı işləri prioritet istiqamət kimi davam etdirəcək.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.
Qeyd edilib ki, Mərkəzi Bankın rəqəmsal valyutasının tətbiqi üzrə siyasət məqsədlərinin müəyyən edilməsi və müvafiq yol xəritəsinin hazırlanması üzərində işlər davam etdiriləcəkdir. Bu işlərə prioritet istifadə istiqamətlərinin müəyyən edilməsi, potensial risk və faydaların qiymətləndirilməsi, eləcə də maliyyə sektoru üzrə daha geniş strategiyaya uyğunlaşdırılmış mərhələli tətbiq planının hazırlanması daxildir.
Mərkəzi Bank bildirir ki, rəqəmsal valyuta təşəbbüsləri pul siyasətinin digər fəaliyyət istiqamətləri ilə uzlaşdırılacaq: “Pul siyasətinin Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri, xüsusən makroprudensial siyasətlə uzlaşdırılması davam etdiriləcəkdir. Bu uzlaşdırma qurumun daxili kollegial orqanları, o cümlədən Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi vasitəsilə həyata keçiriləcəkdir.”
Rəqəmsal valyuta mövzusu maliyyə dərinliyinin artırılması və maliyyə sisteminin dayanıqlılığı ilə birgə qiymətləndirilir: “Ölkədə maliyyə dərinliyinin artırılması, maliyyə sabitliyinin qorunması, nağdsız ödənişlərin genişləndirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə və maliyyə sisteminin dayanıqlılığına müsbət təsir edən amillər olacaqdır.”








