17 C
Baku
Tuesday, April 30, 2024

Mərkəzi Bankın pul siyasəti iqtisadi aktivliyin təmininə təsir edə bilər – Palata

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankında 71 valyuta hərracı keçirilmiş, hərraclar zamanı 2 milyard 555.7 mln. dollar satılıb.

Banker.az xəbər verir ki, bununla bağlı Hesablama Palatasının “2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə qeyd edilir.

Xarici valyuta satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 301.6 mln. dollar azalmış, bu, xarici valyutaya olan tələbin azalması ilə bağlı olmuşdur.

Belə ki, AMB-nin məlumatlarına əsasən, cari ilin ötən dövrü ərzində keçirilmiş hərracların 99%-də təklif tələbi üstələyib.

AMB son faiz iclaslarında da bu məsələni daha çox önə çəkir və press-relizlərində bazarın “alışyönlü” olduğunu bildirir.

PHərraclar barədə məlumatların təhlili də orta günlük valyuta tələbinin azaldığını və ötən ilin müvafiq dövründəki 52.1 ABŞ dollarından baxılan dövrün sonuna 36.0 ABŞ dollarına endiyini göstərir.

Hesablama Palatası da tələbin azalması tədiyə balansında profisitin müşahidə edilməsi ilə izah edir. Nağd xarici valyuta ilə mübadilə əməliyyatlarının təhlili də xarici valyutaya tələbin azaldığını və banklar tərəfindən ABŞ dollarının alışının satışını üstələdiyini göstərir.

Xarici valyutaya tələbin azalması ARDNF-dən dövlət büdcəsinə transfert olunması nəzərdə tutulmuş vəsaitlərin əhəmiyyətli dərəcədə aşağı icrası ilə nəticələnmiş, keçirilmiş hərraclarda cəmi satış məbləğinin və ARDNF tərəfindən keçirilmiş satışların təhlili cari ilin avqust və sentyabr aylarında bu məbləğlərin bir-birindən fərqləndiyini göstərib. Belə ki, hərraclar vasitəsilə ən yüksək valyuta satışının reallaşdığı bu ayda 452 mln. dollar satılmış, bu məbləğin 93.9 mln. dollarına bərabər olan hissəsi ARDNF vəsaitlərindən ibarət olmuşdur ki, bu da sözügedən ayda hərraclarda satışın DNF-lə yanaşı, digər subyektlər tərəfindən reallaşdırıldığını göstərir. Digər tərəfdən, dövlət büdcəsinin icrası barədə təqdim edilmiş hesabatlara əsasən, avqust ayında vahid xəzinə hesabının qalığının ABŞ dollarında olmaqla idarəetməyə verilən hissəsi əhəmiyyətli azalaraq 1 milyard 190 ABŞ dollarına enmişdir. Bu isə idarəetmədən geri çağırılan vəsaitlərin bir hissəsinin hərracda satışının keçirildiyini və bununla da ARDNF transfertlərinə qənaət edildiyi fikirlərini formalaşdırır.

Valyuta bazarında təklifin tələbi üstələməsi fonunda bazarda tarazlığın qorunması məqsədilə AMB valyuta bazarına alışyönlü müdaxilələr həyata keçirmiş, AMB məlumatlarına əsasən, cari ilin ötən dövründə müdaxilənin həcmi 566 mln. ABŞ dolları olmuş, bu məbləğin 444 mln. ABŞ dolları sentyabr ayının payına düşmüşdür.

Bu proses AMB-nin rəsmi valyuta ehtiyatlarının artmasına da töhfə vermişdir. Bununla yanaşı, baxılan dövr ərzində dövriyyədə pul təklifinin tənzimlənməsi məqsədilə sterilizasiya əməliyyatları keçirilmiş, reallaşdırılan tədbirlər ötən dövrün əksər aylarında manatla pul bazasının həcmində azalma ilə nəticələnmişdir.

“Lakin fiskal stimullar fonunda valyuta bazarında tarazlığın qorunması məqsədilə alışyönlü müdaxilələrin davam edəcəyi ehtimalı pul təklifini genişləndirməklə monetar siyasətin bir qədər də sərtləşdirilməsini və sterilizasiya əməliyyatlarının həcminin yüksəldilməsini şərtləndirə bilər. Bu proses tələb kanallarını daraltmaqla iqtisadi aktivliyin təmin olunmasına təsir edə bilər”- deyə, Hesablama Palatasının rəyində deyilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər