Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları 2025-ci ilin aprel ayında artıb, lakin ötən ilin eyni dövrü ilə müqayisədə hələ də az olub.
Banker.az-ın AMB-yə istinadən apardığı hesablamalara görə, 2025-ci il aprelin 30-na valyuta ehtiyatları 11 milyard 62.5 milyon ABŞ dolları təşkil edib.
Bu göstərici martın sonu ilə müqayisədə 36 milyon dollar və ya 0.33% artım deməkdir.
31 mart 2025-ci il tarixində ehtiyatlar 11 milyard 26.5 milyon dollar idi.
İllik müqayisədə isə azalma müşahidə olunur. Belə ki, 30 aprel 2024-cü il tarixində ehtiyatlar 11 milyard 654.4 milyon dollar olub. Bu da 591.9 milyon dollar və ya 5.1%-lik azalma deməkdir.
Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, valyuta hərracları barədə məlumatlar hər ayın sonunda açıqlanacaq, rüblük nəticələr üzrə isə Dövlət Neft Fondu satış həcmlərini təqdim edəcək. O deyib: “Əgər məzənnə dəyişmirsə və ehtiyatlar sabit qalırsa, bu o deməkdir ki, bazarda tələb təklifi qarşılayır.”