Dünyanın aparıcı ölkələrinin mərkəzi bankları son açıqlamaları ilə növbəti böhrana zəmin hazırlayıb.
“Vestifinance.ru” saytına istinadən, Avropa Mərkəzi Bankı (ECB), ABŞ Federal Ehtiyat Sistemi (FED), İngiltərə, Kanada, Yaponiya və s. ölkələrin mərkəzi bankları monetar stimullaşdırma proqramının tamamlanması və ya yaxın zamanlarda tamamlanacağı və uçot dərəcəsinin artırılacağı barədə açıqlamalar verib.
ECB rəsmiləri sentyabrda monetar stimullaşdırma proqramının bitəcəyi və dekabrda uçot dərəcisini artıracaqları barədə siqnallar verib. İngiltərə və Kanada mərkəzi bankları artıq prosesə başlayıb. Yaponiya Mərkəzi Bankı isə monetar stimullaşdırmanı azaldacağını bildirib.
ABŞ iqtisadçısı Brendon Smit (Brandon Smith) öz məqaləsində qeyd edib ki, monetar siyasətlə bağlı ən ciddi addımları FED atıb. FED ilk olaraq monetar stimullaşdırmanı dayandırıb, öz balansını azaltmağa başlayıb və bununla yanaşı uçot dərəcəsinin artırılmasını davam etdirir. Qeyd edək ki, FED son 8 il ərzində öz balansını 4,5 trln. dollara qədər artıraraq ABŞ-ın 2008-2009-cu il böhranından çıxmasına yardım edib. Bu addımlar nəticəsində ABŞ-da maliyyə aktivlərinin qiyməti kəskin bahalaşıb. FED-in keçmiş rəhbəri Canet Yellen (Jannet Yellen) işdən ayrıldıqdan sonra verdiyi açıqlamasında bildirib ki, qiymət/mənfəət (Price/Earning) əmsalı ABŞ şirkətləri üçün tarixi maksimal həddə çatıb: “Bu, bizi narahat etməyə bilməz”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu yaxınlarda 1,5 trln. dollar həcmində infrastruktur planı barədə xəbər verib. Ağ Ev rəsmiləri qeyd ediblər ki, bu addım uçot dərəcəsinin daha sürətlə artmasına səbəb olacaq. Həmçinin bu addım monetar stimullaşdırmanın davam edə bilməyəcəyini göstərir. Belə ki, ABŞ hökumətinin özünə maliyyə vəsaiti lazım olacaq. ABŞ-ın büdcə kəsiri və xarici ticarət kəsirinin həcmi nəzərə alındıqda FED-in fond bazarlarına bundan sonra kömək göstərməsi mümkün görünmür. Bu da fond bazarında satışın başlaması durumunda maliyyə böhranına gətirib çıxaracaq.