Dünyadakı əksər mərkəzi banklar dolların növbəti 25 ildə “hökmranlıq” edəcəyini proqnozlaşdırırlar.
Banker.az xəbər verir ki, bu haqda “UBS Asset Management” tərəfindən sorğulanan bank mütəxəssisləri məlumat veriblər.
İdarəçilərin 66%-i dolların növbəti 25 ildə əsas ehtiyat valyutası olaraq qalacağına inanır. Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə, ikinci rübdə ABŞ valyutası mərkəzi bankların valyuta ehtiyatlarının 61%-dən çoxunu təşkil etmişdir. Ehtiyatların ümumi həcmi 11,7 trilyon dollardır, Bloomberg yazır.
“Qlobal ehtiyatlarda dolların dominantlığı (son 25 ildə ortalama pay 60%-dən çox olub) valyuta ehtiyatlarının idarə edilməsinin əsas xüsusiyyətlərindən biri olub”, – deyə USB analitikləri olan Massimiliano Kastelli və Filip Salman qeyd edirlər.
Eyni zamanda, ehtiyatların strukturunda Çin yuanı da yer alacaqdır. Belə ki, araşdırmanın nəticələrinə görə, respondentlərin 38%-i 25 ildən sonra yuanın dollar və ya avro kimi vacib valyutaya çevriləcəyini söyləyib. BVF-nun fikrincə, bu ilin ikinci rübündə avro ümumi ehtiyatların 20%-dən çox olan hissəsini təşkil edib.