10 C
Baku
Tuesday, November 12, 2024

Maliyyə bazarlarında informasiya təhlükəsizliyinə dair tələblər təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”i təsdiq edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Əvəzində qurumun “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 14 iyul 2021-ci il tarixli qərarı ləğv edilib.

Yeni qərara əsasən, maliyyə qurumları informasiya təhlükəsizliyinin idarə edilməsi sistemini (İTİS) davamlı təkmilləşdirməli, bu istiqamətdə informasiya təhlükəsizliyi siyasəti hazırlanmalıdır. Bu siyasətə azı ildə 1 dəfə ayrıca, habelə risklərin idarə edilməsi sisteminə baxılarkən yenidən nəzərdən keçirilir və tələb edildikdə müvafiq dəyişikliklər edilə bilər. Bundan başqa, İTİS-in davamlılığının, adekvatlığının və effektivliyinin təmin edilməsi üçün dəyişikliklər edildikdə informasiya təhlükəsizliyi siyasətinə növbədənkənar qaydada yenidən baxıla bilər.

Bu Tələblərə uyğunluğun qiymətləndirilməsini kənar auditor I kateqoriya nəzarət subyektlərində (banklar, sığortaçılar, mərkəzi depozitar, İcbari Sığorta Bürosu, kredit büroları, elektron pul təşkilatları və ödəniş sistemlərinin operatorları) ildə 1 dəfədən az olmayaraq, II və III kateqoriya nəzarət subyektlərində (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, poçt rabitəsinin milli operatoru, ödəniş təşkilatları, səhmdar investisiya fondları və investisiya fondlarının idarəçiləri; kredit ittifaqları istisna olmaqla, bank olmayan kredit təşkilatları) 2 ildə bir dəfədən az olmayaraq aparacaq.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər