7 C
Baku
Thursday, December 12, 2024

Maliyyə naziri “neftin qiymətinin pis ssenarisi”ndən danışdı

Azərbaycanın 2019-cu il büdcəsi neftin qiymətinin ucuzlaşmasından sığortalanıb.

Banker.az bildirir ki, bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.

Nazir bildirib ki, büdcədə neftin qiyməti 60 ABŞ dolları olduğu təqdirdə, büdcə xərcləri, həmçinin ARDNF-nin bəzi xərcləri icra edildikdən sonra Fondun cari ildə aktivləri 2,5 mlrd. dollar artacaq.

“2019-cu ilin dövlət büdcəsinin bilavasitə neftin qiyməti ilə bağlı olan parametri yalnız Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici valyuta ilə satışlarından ödədikləri mənfəət vergisi ilə bağlıdır. Yəni, neftin qiyməti aşağı endiyi təqdirdə biz daha aşağı mənfəət vergisi əldə edə bilərik”.

Nazir əlavə edib ki, neftin 60 dollardan hesablandığı büdcə üçün müəyyən risklər də mövcuddur:

“Neftin qiymətinin 45 dollar olması ssenarisində isə ARDNF-nin ilin sonuna olan aktivləri ötən ilin sonuna nisbətən dəyişməyəcək. Burada biz 45 mlrd. dollarlıq aktivlərdən danışırıq. İlin sonuna qədər bu aktivlərin bir qədər də artması gözlənilir”.

S.Şərifov dünya bazarında neft qiymətinə təsir edən vacib amilin tələb-təklif olduğunu vurğulayaraq, siyasi bəyanatların da bazara təsir etdiyini bildirib.

“Neft qiymətinin 140 dollardan 27 dollara qədər düşməsi bizim yaddaşımızda qalıb. Biz görmüşük ki, bu səviyyəyə düşsə də, heç bir iqtisadi reallığı əks etdirmir. Neftin kəskin ucuzlaşması onun istehsalına, dünya bazarının neftlə təchizatına orta müddətli çərçivədə çox mənfi təsir göstərir. Ona görə də burada balans gözlənilməlidir”.

©oxu.az

Son xəbərlər
Digər xəbərlər