İsveçin kredit idarəetmə sahəsində ixtisaslaşan “Intrum” şirkətinin mütəxəssisləri maliyyə rifahına görə Avropanın ən yaxşı ölkələrinin adlarını açıqlayıb. Birinci yeri Almaniya (6,89), ikinci yerdə Avstriya (6,77), üçüncü yerdə İsveç (6,72), dördüncü və beşinci yerdə isə müvafiq olaraq İsveçrə (6,65) və Finlandiya (6,55) tutub.
Rifah indeksini hesablayarkən ölkələr dörd əsas parametrə görə qiymətləndirilmişdir: əhalinin hesabları vaxtından əvvəl ödəmək qabiliyyəti, kreditlərin olub-olmaması, əmanətlərin mövcudluğu və əhalinin maliyyə savadı. Reytinq 24 ölkədən 24 min insanın iştirak etdiyi sorğu əsasında tərtib edilib.
Qeyd edək ki, ilk onluğa Norveç, Danimarka, Böyük Britaniya, İtaliya və İrlandiya da daxil olmuşdur.
Axırıncı sıralarda Estoniya (20-ci yer, 5,85) və Latviya (21-ci yer, 5,55) ölkələri tutublar. Maliyyə rifahı aşağı olan ölkə kimi Yunanıstan (5,30) seçilib.
Bundan əlavə, tədqiqat avropalıların maliyyə stressinə qarşı daha həssas olmağa və daha aktiv borc götürməyə başladığını göstərir. Respondentlərin 45%-i etiraf edib ki, xərcləri gəlirdən daha sürətlə böyüyür. İstehlakçıların əksəriyyəti (75%) maaşlarının bir hissəsini əmanət kimi ayırır, yarıdan çoxu isə əmək haqqının çox aşağı olmasından şikayətlənir.