Vahid Əhmədov: “Bu təbii prosesin qarşısını almaq mümkün deyil”
Bir neçə gün əvvəl Azərbaycanda əsas qida məhsullarının istehsalı ilə məşğul olan “Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl bəyan etdi ki, rəhbərlik etdiyi şirkət manatın kəskin ucuzlaşmasından əziyyət çəkir. O vurğulayıb ki, rəhbərlik etdiyi holdinqin xarici bazardan asılılığı yarıbayarıdır. Buna görə də istehsal edilən məhsulların qiyməti dolların bahalaşması qədər, yəni 34 faiz deyil, təxminən 15-17 faiz artacaq. Məlumatlarda bildirilir ki, yaxın günlərdə holdinqin istehsal etdiyi digər məhsulların da qiyməti artırılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın qida bazarının böyük hissəsinə nəzarət edən “Azərsun” şirkəti yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq malları istehsal edir. Manatın devalvasiyası zamanı hökumət rəsmiləri və səlahiyyətli şəxslər bildirmişdilər ki, milli valyutanın kəskin ucuzlaşması qiymətlərə, xüsusilə də daxildə istehsal edilən məhsullara heç bir təsir göstərməyəcək. Buna dövlət tərəfindən tam nəzarət olunacağı bəyan olunsa da, faktiki olaraq, belə bir tənzimləmənin mümkün olmadığı ortaya çıxır.
“Qiymət artımını uzun müddət tənzimləmək mümkün deyil”
Məsələ ilə bağlı Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Vahid Əhmədovun fikirlərini öyrəndik. Deputat Bizimyol.info saytına açıqlamasında bildirdi ki, Abdulbari Goozalın açıqlamasından xəbəri var və bu qiymət artımı qaçılmazdır:
“Düzdür, manatın devalvasiyasından sonra qiymət artımı ilə əlaqədar dövlət tərəfindən müəyyən addımlar atıldı. Yəni dövlət başçısının göstərişinə uyğun olaraq bir sıra məhsulların qiymətlərinin müəyyən qədər saxlanılması təmin edildi. Amma bunu uzun müddət tənzim etmək mümkün deyildi. Çünki bazar iqtisadiyyatının öz prinsipləri var. Qiyməti sabit saxlamaq üçün elə etmək lazımdır ki, bazarda mal qıtlığı olmasın və həmin malların əksəriyyəti həmin dövlətin özündə istehsal edilsin. Amma görürük ki, ölkədə qiymət artımı faktdır. Yəni istər ərzaq, istər qeyri-ərzaq, istərsə də dərman vasitələrində qiymət artımı var.
Bizi burada narahat edən əsas iki məsələdir: ərzaq məhsulları və dərman vasitələrinin qiyməti. Dərman vasitələrinin qiymətləri ilə əlaqədar təxminən 15 gün əvvəl Milli Məclisdə qərar qəbul etmişik ki, dərman vasitələrinin qiymətlərində yuxarı hədd müəyyənləşməlidir. Buna əsasən, dərman bazarının tənzimlənməsi üçün Azərbaycan hökuməti layihə hazırlayır və həmin layihə ilə bağlı qərarın verilməsi tezləşdirilməlidir. Yəni bir var subyektiv, bir də var obyektiv qiymət artımı. Əgər qiymət artımı varsa, bu, obyektiv olmalıdır. Yəni dərman vasitələrinin qiyməti ilə bağlı yuxarı hədd müəyyən ediləcək ki, heç kim o qiymətdən baha sata bilməz. Həmin həddən daha ucuz satmaq isə sahibkarın öz işidir”.
“Antiinhisar Departamenti elə bil aydan gəlib”
Deputat qeyd edir ki, ikinci problem ərzaq məhsulları ilə bağlıdır: “Manatın devalvasiyasından bir neçə gün sonra “Azərsun”dan açıqlama verildi ki, şirkətin istehsal etdiyi məhsullarda heç bir qiymət artımı olmayacaq və bütün məhsullar əvvəlki qiymətlərlə satılacaq. Amma hər bir ağıllı iqtisadçı başa düşür ki, bunu uzun müddət saxlamaq mümkün deyil. Malların əksəriyyəti isə xaricdən gətirilir. Hətta ölkədə istehsal edilən məhsulların əksəriyyətinin xammalı da xaricdən alınır. Manat devalvasiyaya uğrayıbsa, dollar 34 faiz bahalaşıbsa, necə ola bilər ki, eyni qiymətə satılsın? Ona görə də təbii olaraq qiymət artımı var.
Azərbaycanda istehsal olunan məhsulların qiymətində artım o qədər də olmamalıdır. Əgər xammal Azərbaycandadırsa, istehsal da burada olunursa, uzağı 10 faiz artım olar. Ancaq xammalı xaricdən gətirilən, əsas komponentləri isə Azərbaycanda yığılan məhsullarda da artım olsun 12-15 faiz, “Azərsun” rəhbərinin dediyi kimi, 17 faiz. Amma ondan çox artım ola bilməz. Çox təəssüf ki, bazarlarda, marketlərdə isə qiymətlər 30-35, hətta 40 faizə qədər artıb. Bu, yolverilməzdir. Cənab Prezidentin göstərişinə əsasən, İqtisadi İnkişaf Nazirliyinin İstehlakçıların Hüquqları və Antiinhisar Departamenti yoxlamalara başlayıb. İki gün əvvəl həmin departamentin sədri çıxışında bildirdi ki, heç bir qiymət artımı yoxdur. Elə bil aydan gəlib düşüblər bura, necə yəni qiymət artımı yoxdur? Hamımız bazara da, marketə də gedib-gəlirik və artımın hansı səviyyədə olduğunu görürük. Bu qurum daim işləməli və əgər subyektiv qiymət artımı varsa, qarşısını almalı, cərimələr tətbiq etməli, lazım olsa, müəyyən inzibati metodlarla bununla mübarizə aparmalıdır. Obyektiv qiymət artımına isə heç kim heç nə deyə bilməz və bir daha deyirəm ki, manat devalvasiyaya uğrayıbsa, bunun qarşısını inzibati yolla almaq mümkün deyil”.
“Manat bir az da ucuzlaşacaq”
Hazırda mətbuatda və ictimaiyyət arasında manatın daha da ucuzlaşacağı və dolların hətta 1.20, 1.30 manatadək bahalaşacağı ilə bağlı məlumatlar yayılır. Millət vəkili bunu belə şərh edib: “Dolların manata nisbəti təxminən 1.05 civarındadır. Məndə dəqiq məlumat olmasa da, belə başa düşürəm ki, manatın kursunun bu civarda qalması üçün Mərkəzi Bank yenə də müəyyən vəsait xərcləyir. Əvvəlki qədər olmasa da, müəyyən xərc çəkilir. Azərbaycan MDB dövlətləri arasında yeganə dövlət idi ki, öz valyutasını – manatı qoruyub saxlayırdı və devalvasiyaya uğramamışdı. Bunun üçün də ildə 1.5-2 milyard vəsait xərclənirdi. Artıq bu, mümkün deyil.
Əgər biz doğrudan da bazar iqtisadiyyatının prinsiplərinə əməl edəcəyiksə, Azərbaycanın valyuta ehtiyatlarının hamısını xərcləmək istəmiriksə, Mərkəzi Bank müəyyən xərcləri saxlamaq istəyirsə, deməli yenə də müəyyən qədər manat devalvasiya olacaq və məzənnə siyasətində müəyyən dəyişiklik olacaq.
Bu, daha 21 fevraldakı kimi kəskin olmamalı, yumşaq şəkildə aparılmalıdır ki, insanlar əziyyət çəkməsinlər. Onsuz da müəyyən təbəqə insanlar var ki, vəziyyətləri o qədər də ürəkaçan deyil. Milli Məclisin sabah (bu gün – R.V.) keçiriləcək iclasında hökumətin hesabatı olacaq və biz də bu məsələlərlə bağlı fikirlərimizi səsləndirəcəyik”.
“Əhaliyə yüksək səviyyədə güzəşt olmayacaq”
Kəskin devalvasiya ilə əhaliyə dəyən ziyanın hökumət tərəfindən hansısa şəkildə kompensasiya edilməsi ilə bağlı deputatlar tərəfindən müəyyən təkliflər olsa da, Vahid Əhmədov bunu o qədər də real saymır: “Biz bunu tələb edirik, hökumət də çox zaman bunu başa düşür. Əhaliyə müəyyən güzəştlərə getmək, kömək etmək lazımdır. Ancaq burada bir sual ortaya çıxır. Əgər imkan var idisə, niyə manat devalvasiya edilirdi ki? Elə o puldan xərcləyib manatı saxlayardılar da. Ona görə də yüksək səviyyədə güzəşt etmək olmayacaq. Ancaq müəyyən məsələlər var ki, onlar öz həllini tapmalıdır. Yəni aşağı maaş alan təbəqə var – həkimlər, müəllimlər və s. Onların məsələsinə baxılmalıdır, bankdan dollarla kredit götürən və bu gün kəskin ziyan görən insanlar var ki, onların problemi həllini tapmalıdır. Yəni müəyyən variantlar var, görək hökumət özü nə təklif edəcək”.
“Dollarla kredit götürənlər 0.78 manatla ödəniş etməlidir”
Dollarla kredit götürənlərə və bunun ətrafında yaşanan mübahisələrə gəldikdə, Vahid Əhmədov hesab edir ki, burada qanunluq bir şey yoxdur: “Hər zaman çıxışlarımda, müsahibələrimdə deyirəm ki, insanlar kredit götürən zaman müqaviləyə baxmalıdırlar. Kredit götürən adam isə heç nə fikirləşmir, deyir, tez götürüm problemimi həll edim. Ancaq bilməlidirlər ki, o müqavilədə nələr yazılıb. Əgər müqavilədə yazılmayıbsa ki, manat inflyahsiyaya uğraya bilər, dollar bahalaşa bilərsə, xüsusi hal nəzərdə tutulmayıbsa, dolların həmin vaxtkı kursuna – 0.78 manat idisə, o rəqəmlə də ödəməlidirlər. Düzdür, banklar da bundan ziyan çəkirlər və ona görə deyirlər ki, yox, yeni qiymətlə ödənməlidir. Ancaq bankların buna ixtiyarı yoxdur. Bir daha deyirəm, müqavilədə fors-major kimi göstərilirsə ki, məzənnə dəyişəndə ödənişin hesablaması da dəyişir, o zaman bank haqlıdır. Əks halda, vətəndaş əvvəlki məzənnə ilə ödəniş etməlidir və bununla bağlı yaranmış problemlə əlaqədar məhkəməyə müraciət edib hüququnu tələb edə bilər. Əsas problem odur ki, Mərkəzi Bank hələ də insanların qaldırdığı bu məsələyə rəsmi münasibət bildirməyib”.
BizimYol