22 C
Baku
Sunday, June 23, 2024

Manatı yumaq lazımdır

“Azərbaycanda yuyulması mümkün olan manatların dövriyyəyə buraxılmasına ehtiyac var. Məsələn, Skandinaviya ölkələrində plastik pullar buraxılır. Bu pullar əzilmir və onları yumaq mümkündür. Lakin bir faktı unutmaq lazım deyil ki, Qərbdə pul kütləsinin 96 – 97%-i bank sistemində yerləşir və vətəndaşlar demək olar ki, onları görmürlər. Burada nağdsız ödənişlər sistemindən daha fəal şəkildə istifadə edilir. Buna görə də, mikroblar insan əlinə nadir hallarda bulaşırlar. Azərbaycanda isə pulların 50%-i nağd ödənişlərdə istifadə edilir. Vəətndaşlarımızın əksəriyyəti yalnız nağd ödənişlərə üstünlük verir. Buna görə də, Azərbaycanda pulların üzərində mövcud olan təhlükəli mikroblardan hər hansı xəstəliyə tutulmaq ehtimalı çoxdur”. Bunu iqtisadiyyat sahəsində mütəxəssis olan Oktay Haqverdiyev bildirmişdir.

Onun sözlərinə görə, Mərkəzi bankdan çıxan bütün pullar kommersiya banklarına paylanılır və daha sonradan buradan əmək haqqı, təqaüd və s. formasında insanlara verilir. Mərkəzi bankın pulları buraxmadan öncə onları təmizləməsi mütləq haldır. Bu yuyula bilən valyuta buraxmaqdan daha ucuz başa gəlir. Üstəlik də, bir çox dövlət işçiləri və təqaüdçülər pulları bankomat vasitəsilə əldə edirlər. Bu banknotlar əvvəlcədən təmizlənməli və təşkil edilməlidir.

Verilən məlumatlara görə, bizim pulların üzərində çoxlu sayda mikroblar – spor, bağırsaq çöpləri, həmçinin stafilokokk tipli bakteriyalar ola bilər. Kağız pulların ibarət olduğu sellüloz materiallar bu mikroblar üçün əla mühitdir. Onlar nu mühitdə bir neçə ay ərzində yaşaya bilərlər. Və bir pul nə qədər intensiv olaraq dövriyyədə iştirak edərsə, onun üzərində bir o qədər çox mikrob olar.  Avro və dollar kimi banknotların bütün dünyanı gəzdiyini nəzərə alsaq, onların üzərində daha ciddi xarakterli mikrobların olmasını təxmin etmək çətin olmur. Burada artıq hepatit, tuberkulyoz və s. kimi xəstəliklərdən söhbət gedir.

Qəpiklərə gəldikdə isə onlar bir o qədər də çox təhlükə mənbəyi hesab edilmir. Belə ki, metal mikroblar üçün qidalandırıcı mühit deyil, gümüş əlavəsi isə qəpiklər üzərində mikrobların mövcudluğuna əngəl törədir. İnsan daim pul ilə təmasda olduğundan əlində çox saylı mikroblar olur. Bu səbəbdən də əlləri tez-tez tək gigiyena qaydalarına riayət etmək deyil, həm də təhlükəli xəstəliklərdən qorunmaq məqsədi ilə də yumaq lazımdır.  Kağız banknotların xarici üzərində aparılan araşdırmalar sübut etmişdir ki, pulların üzərində tuberkulyoz, pnevmaniya, tonzillit, meningit, gastroenterit və s. kimi xəstəlikləri yaradan mikroblar mövcuddur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər