Cari ilin yanvar ayında manatın dövretmə sürəti (3,20 bənd ) 2015-ci ilin fevral ayından bəri ən aşağı həddə düşüb. Manatin dövretmə sürətinin azalmasına hansı amillər təsir edib?
Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, pulun dövretmə sürəti nominal ümumi daxili məhsulun pul kütləsinə nisbəti kimi hesablanır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, uzunmüddətli dövrdə pulun dövretmə sürəti adətən azalmağa meyillidir. Bunun da başlıca səbəbləri pul kütləsinin artması, fərdlərin və şirkətlərin vəsaitlərini daha çox yığıma yönəltməsi və s-dir.
AMB-dən həmçinin bildirilib ki, dünyanın əksər ölkələrində gedən proses Azərbaycanda da müşahidə edilir. Azərbaycanda da manatın dövretmə sürətininin azalmasının əsas səbəbi pul kütləsinin artımının nominal ÜDM-in artımını üstələməsi və bunun uzunmüddətli dövrdə əsasən manatla fiziki və hüquqi şəxslərin depozitləri hesabına baş verməsidir. M2 pul aqreqatına daxil olan manatla müddətli və tələb olunanadək depozitlər təkcə 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cu ilin yanvarında 20.2% artıb.