12 C
Baku
Saturday, November 23, 2024

Manatın məzənnəsi II devalvasiyadan bu tərəfə maksimuma yüksəlib – Səbəb dollardır

Azərbaycan manatının real effektiv məzənnəsi (REM) avqustda 119 bəndi keçib və bu da 2015-ci ilin dekabrında qeydə alınan ikinci devalvasiyadan bu tərəfə maksimal göstəricidir.

Banker.az xəbər verir ki, manatın real effektiv məzənnəsi 119.1 bənd təşkil edib və bu da son bir ayda 1.9 bənd və ya 1.6% artım deməkdir.

Avqustun əvvəli avro/manat1.7361 səviyyəsində olduğu halda, ayın sonu 1.7067-yə, lirə/manat 0.0948-dən 0.0935-ə düşüb.

Manatın REM-i ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.

Manatın kursu dollar indekslidir, indekslər korrelyasiya edirlər. 2017-ci ilin martından 1 dollar 1.7000 manat məzənnəsi ilə sabit qalmaqdadır. Belə olan halda, dollar bahalaşırsa, bu manatın da digər valyutalara qarşı bahalaşması anlamına gəlir.

4353

ABŞ dolları investorlar üçün safe haven (təlükəsizlik sığınacağı) sayıldığına görə, ona yatırım etməyə məcbur edir. Çünki, ABŞ Federal Ehtiyat Sistemi son 40 ilin ən yüksək istehlak qiymətlərini soyutmaq üçün sərt monetar siyasətə əl atıb. Uçot faiz dərəcəsini hər iclasda 75-100 baza bəndi artırmaqla dolları rəqibləri ilə müqayisədə daha da bahalaşdırır. Sentyabr iclasında FED-in uçot faiz dərəcəsini 3.25 faizə çatdırması bir dolların indeksini son iki dekadanın maksimumuna yüksəldib, 114 bəndi gördü.

İş bu yüksəlişlə bitmir. FED sədri Cerom Pauelin 21 sentyabr iclasındakı  çıxışından məlum oldu ki, yeni proqnozlar bu ilin sonuna qədər uçot faiz dərəcəsi 4.25%-4.50% aralığına yüksələcəyi və 2023-cü ilin sonunda 4.50%-4.75% səviyyəsində olacağını göstərir. 2024-cü ilə qədər uçot dərəcəsinin azaldılması gözlənilmir.

ABŞ dollarının indeksi iyul ayında 105.78 bəndlə başladığı halda, avqust ayında isə 2.73% artımla 108.67 bəndə yüksəldi.

Azərbaycanda bir sıra iqtisadçılar manatın sabit məzənnəsinin ölkə daxilində inflyasiyanı neytrallaşdırmaqda mühüm amil kimi qeyd etsələr də, bunun ziyan tərəfini də bildirirlər.

Bahalı manat ölkədə istehsalı “mənasız” edir. Natiq Cəfərli ötən həftə Banker.az-a belə demişdi. O, bildirir ki, əsas ticarət tərəfdaşlarımızın valyutaları ABŞ valyutasına qarşı ucuzlaşıb. Bu da eyni ilə dollar indeksi manatın məzənnəsinin da onlara qarşı bahalaşmasına gətirib çıxarır.

İdxalçı şirkətlər üçün bu lüks yaratsa da, istehsalçı və turizm üçün biznesi sərfəli etmir.

Yeri gəlmişkən, sentyabr ayında ABŞ dollarının indeksi düz 4.41% bahalaşıb. Funt-sterlinqə qarşı son 37 ilin, yenə və avroya qarşı son 24 ilin ən baha dövrünə qədəm qoyub.

Son xəbərlər
Digər xəbərlər