9 C
Baku
Friday, December 27, 2024

Manatın məzənnəsi rəqiblərə qarşı 13 ayın maksimumuna yüksəlib

Azərbaycan manatının dəyərinin, ticarət tərəfdaşlarının valyutaları ilə müqayisədə real alıcılıq qabiliyyətini ifadə edən real effektiv məzənnəsi (REM) son 13 ayın maksimumuna yüksəlib.

Banker.az xəbər verir ki, noyabrın son məlumatlarına görə REM 122.6 bənd səviyyəsinə yüksəlməklə 2023-cü ilin sentyabrından bu tərəfə maksimum həddə yüksəlib. Noyabrın əvvəli 119.8 bənd təşkil etmişdi. Bu qeyri-neft sektoru üzrə daha kəskin yüksəlib – 116.5 bənddən 119 bəndə qalxıb. Bu barədə Mərkəzi Bankın ötən gün təqdim etdiyi statistik bülletendə bildirilib.

Buna səbəb ABŞ dollarının digər rəqib valyutalara qarşı bahalaşmasıdır. Belə ki, manatın kross məzənnəsi ABŞ dolları ilə nisbətdə 2017-ci ilin martında 1.7 səviyyəsində sabit götürülür. Manatın bu indeksi isə illərdir ABŞ dollarının indeksi ilə korrelyasiya təşkil edir. Yəni eyni istiqamətdə qalxıb, düşür.

ABŞ dolları son aylarda Donald Trampın Oval ofisə yenidən geri dönməsi səbəbindən bahalaşır. Belə ki, Tramp əsas ticarət tərəfdaşlarına 20 yanvarda baş tutan andiçmə bitən kimi, əlavə rüsumlar təklif edəcəyini vəd edib. Əlavə rüsumların tətbiq edilməsi daxildəki inflyasiyanı artırma kimi risk ehtimallarını aparır. Güclü ölkə iqtisadiyyatı şəraitində isə Federal Ehtiyat Sisteminin növbəti ildən daha az faiz endirimi kimi siqnalları səsləndirməsi dollara sığınan investorların sayını artırır.

Burada daha bir nəzərə çarpan güclənmə var. Manatın dəyərinin onun əsas ticarət tərəfdaşlarının valyutalarına qarşı ölçülmüş ortalama göstəricisi olan nominal effektiv məzənnə (NEM) məzənnə isə 105.4 bənddən 107.5 bəndə yüksəlib.  Bu da 2014-cü ildən bu tərəfə maksimal həddir. Qeyri-neft sektoru üzrə NEM artıq 180.4 bəndə qalxıb.

6565

Son xəbərlər
Digər xəbərlər