2018-ci ilin fevral ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 750,3 mln. manat təşkil edib ki, bunun da 2 mlrd. 935,2 mln. manatı (37,87%) milli valyuta, 4 mlrd. 815,1 mln. manatı (62,13%) isə xarici valyuta ilə yerləşdirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
2017-ci ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 1 mlrd. 454,7 mln. manat və ya 2 dəfə artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 823 mln. manat və ya 14,6% azalma var.
Bununla yanaşı, cari ilin yanvar ayı ilə müqayisədə fevralda manatda olan əmanətlərin həcmi 405,6 mln. manat və ya 16,03% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 152,3 mln. manat və ya 3,1% azalıb.
Manat depozitləri ucuzlaşır
Azərbaycanda depozitlər üzrə orta faiz dərəcəsi bu il martın 1-nə manatda 10,1%, xarici valyutada isə 2,92% təşkil edib. Bu, fevralın 1-i ilə müqayisədə müvafiq olaraq 0,26 faiz bəndi az və eynidir.
Bundan başqa, fevralın sonuna fiziki şəxslərin əmanətləri üzrə orta faiz dərəcəsi manatda 11,18% təşkil edib ki, bu da yanvarın sonuna 0,25 faiz bəndi azdır. Sözügedən göstərici xarici valyutada isə sabit qalaraq 3,58% olub.