Fransa prezidentliyinə namizəd Marin Le Pen Avropa İttifaqının dünya siyasi xəritəsindən silinəcəyini bəyan edib. Bununla yanaşı, siyasətçi Lill şəhərində tərəfdarlarına müraciəti zamanı Fransanı qloballaşmadan müdafiə edəcəyinə dair söz verib.
“Reuters”in verdiyi xəbərə görə, Milli Cəbhə Partiyasının lideri Marin Le Pen bildirib ki, Donald Trampın ABŞ prezidenti seçilməsindən və Böyük Britaniyadakı referendumdan sonra Fransada keçiriləcək seçkilər onun “insanların qlobal qiyamı” kimi xarakterizə etdiyi növbəti addım olacaq.
“Avropa İttifaqı öləcək, çünki artıq insanlara lazım deyil. Təkəbbürlü hegemonluq yer üzündən silinməyə məhkumdur. Qlobalçıları darmadağın etməyin vaxtı çatıb”, – deyə Le Pen nitqində söyləyib.
O, əsas rəqibləri Emmanuel Makron və Fransua Fiyonu tənqid edib, onları Aİ və bazar maraqları naminə satqınlıqda ittiham edib.
Bildirək ki, Fransada prezident seçkiləri aprelin 23-də və mayın 7-də olmaqla iki turda keçiriləcək.