İtaliyanın Rusiya təbii qazından asılılığı ötən illə müqayisədə kəskin şəkildə azalıb.
Bu sözləri İtaliyanın Baş naziri Mario Draqi deyib.
Baş nazir bildirib ki, İtaliyanın Rusiya qazından asılılığı xeyli azalıb: “Keçən ilin bu dövründə Rusiyadan idxal edilən qaz həcmləri ümumi idxalın 45 faizi nisbətində olduğu halda, cari ildə həmin göstərici 25 faiz təşkil edir. Digər ölkələrdən təchizat yaxşı formadadır, qaz anbarlarının da doluluq nisbəti artır. Bu, mühüm göstəricidir”.
Qeyd edək ki, iyunun ortalarında İtaliyanın “Eni” neft-qaz şirkəti Rusiyanın “Gazprom” şirkətindən gündəlik tədarük olunan təbii qazın həcminin 15 faiz azaldığını açıqlayıb. Ötən günlərdə isə “Eni”nin “Gazprom” qaz tədarükü gündəlik orta hesabla 21 milyon kubmetrə düşüb.
Təbii qaz tələbatının təxminən 10 faizini Azərbaycandan təmin edən İtaliya enerji böhranı yaşamamaq üçün təchizat mənbələrini şaxələndirir. Belə ki, İtaliya Əlcəzairdən aldığı qazın həcmini artırıb, Konqo və Anqola kimi ölkələrlə qaz tədarükünə dair danışıqlar aparıb.