Banker.az maliyyə portalının verdiyi məlumata görə, Yahoo! şirkətinin icraçı direktoru Marissa Mayer Yahoo! email servisində milyardlarla istifadəçinin hesablarının xakerlər tərəfindən ələ keçirilməsinə görə 2016-cı il üçün nəzərdə tutulmuş pul mükafatından imtina edib.
“2016-cı ilin sentyabr ayında bizim məlumat bazamızın xakerlər tərəfindən sındırıldığını eşitdikdə, komanda ilə bu insidenti aradan qaldırmaq üzərində işləyirdik. Lakin xaker hücumu mənim direktor vəzifəsində olduğum bir zamanda baş verdi. Və beləliklə, mən şirkətin digər işçilərinin xeyrinə olaraq mənim üçün nəzərdə tutulmuş illik bonusdan imtina edirəm” – deyə Mayer rəsmi bəyanatla çıxış edib.
Qeyd edək ki, 2013-cü ildə xakerlər Yahoo! serverini sındıraraq 1 milyarddan çox istifadəçinin şəxsi məlumatlarını – ad, elektron poçtlarının ünvanlarını, telefon nömrələrini, doğum tarixlərini ələ keçirmişdilər. Şirkət qeyd edir ki, ola bilsin ki, onların ödəniş kartları haqqında məlumatlar oğurlanmayıb. Müştərilər haqqında məlumat Deep Web saytlarında 300 000 dollara satılmışdı.