7 C
Baku
Thursday, December 12, 2024

Marsa 1 milyon insan – Elon Maskın inanılmaz layihəsi -Video

Beynəlxalq Astronomiya Federasiyasının Meksikada keçirilən Konqresində çıxış edən “SpaceX” şirkətinin rəhbəri Elon Mask (Elon Musk) planetlərarası sivilizasiyanın inkişafının zəruriliyini vurğulayaraq Marsa planlaşdırılan uçuşlar barədə ətraflı danışıb.

RBK-nın verdiyi xəbərə görə, E. Mask bildirib ki, insanlıq Yerdə indiki kimi hərəkətsiz də yaşaya bilər, planetlərarası sivilizasiyaya çevrilə də bilər: “Başlıca məqsəd Marsda məskən, şəhər salmaqdır. Yalnız o zaman biz planetlərarası sivilizasiya növünə çevrilə bilərik”.elon musk

“SpaceX”ın yeni sistemi – “Interplanetary Transport System” raket, kosmik gəmi və yanacaqdolduran tankerdən ibarətdir. E. Mask deyib ki, proqramın ilk illərində sistem Marsa 100 adam apara bilər. Şirkətin planı sərnişinləri 150-200-ə çatdırmaqdır. E. Mask digər planetlərlə müqayisədə Marsın seçilməsini onunla izah edib ki, Venerada hava şərtləri uyğun deyil, Merkuri isə Günəşə yaxındır: “Planetlərarası sivilizasiyaya çevrilmək üçün yeganə rasional variant Marsa yollanmaqdır. Əgər biz Aya getsək, planetlərarası sivilizasiya ola bilmərik, çünki Ay peykdir. Mars vaxtilə Yer kimi olub. Mars kifayət qədər Günəş işığı alır, biz orada bitki yetişdirə bilərik”.

E. Mask Yerdə 7 milyard insanın yaşadığını, Marsda isə 1 nəfər də insanın olmadığını vurğulayaraq bu durumu dəyişdirmək lazım olduğuna diqqət çəkib.

“SpaceX”ın rəhbəri qeyd edib ki, müasir texnologiyalardan istifadə edilsə, Marsa uçuş 10 milyard dollara başa gələcək və bunu da dəyişmək lazımdır. Onun sözlərinə görə, uçuş bir insan üçün 200 min dollardan baha olmamalıdır.

Marsa uçacaq raketin maketini təqdim edən E. Mask hər gəminin 12-15 dəfə istifadə olunacağını, bir gəmiyə 100-ə yaxın insanın (baqajla birlikdə) yerləşəcəyini söyləyib. Şirkət 10 min uçuşla Marsa 1 milyon adam daşımağı planlaşdırır: “İlk uçuşdan etibarən bizə 40-100 il lazım gələcək ki, Marsda müstəqil sivilizasiya quraq”.

Şirkət rəhbəri qeyd edib ki, 2035-ci ilədək Marsa 80 günə uçmaq mümkün olacaq. Orta uçuş müddəti isə 115 gün olacaq. İndiyə qədər heç bir kosmik aparat 5 aydan az müddətdə Marsa gedə bilməyib.

İlk uçuş üçün konkret vaxt göstərməyən E. Mask hadisənin 2020-ci ildə baş verə biləcəyini deyib. Onun maketini təqdim etdiyi gəmi çoxsaylı bölmələrdən ibarətdir. İçəridə insanlar çəkisizlik şəraitində olacaq. Gəmidə restoranlar, əyləncə məkanları fəaliyyət göstərəcək. E. Mask xəbərdarlıq edib ki, ilk uçuş təhlükəli ola bilər və bu missiyada iştirak edəcək insanlar ölümdən qorxmayanlar olmalıdır.

 

“SpaceX” Marsa ilk pilotsuz uçuşu 2018-ci ildə təşkil edəcək. Şirkət “Red Dragon” gəmisini müxtəlif texnologiyaları (xüsusən eniş və minik) sınaqdan keçirmək üçün planetin səthinə göndərmək niyyətindədir. Gəmidə insanlar yox, elmi aparatlar olacaq. Daimi sərnişin səfərləri isə 2023-cü ildən sonra başlayacaq.

 

Son xəbərlər
Digər xəbərlər