Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının mövsüm başlamazdan əvvəl maliyyə vəsaiti əldə etməsinə imkan verən yeni mexanizm yaradılır.
Məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsinin hazırlanması aqrar sahədə yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərdə tutur.
Layihəyə əsasən, məhsul şəhadətnaməsi fermerlərin mövsümdən əvvəl maliyyə resursları əldə etməsinə imkan verən maliyyə aləti olacaq. İstehsalçı hələ istehsal prosesi başlamazdan əvvəl qiymətli kağız formasında məhsul şəhadətnaməsini “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə maliyyə təşkilatlarına və ya təchizatçılara təklif edə biləcək.
Məhsul şəhadətnaməsinin iki növü, maliyyə və əmtəə şəhadətnaməsi nəzərdə tutulur.
Maliyyə məhsul şəhadətnaməsi zamanı fermer aldığı maliyyə qarşılığında gələcək məhsulun satışından əldə edəcəyi vəsaiti banka, bank olmayan kredit təşkilatına və ya digər şəhadətnamə sahibinə ödəmək öhdəliyi götürəcək. Əmtəə məhsul şəhadətnaməsində isə borcun əvəzində gələcəkdə yetişdiriləcək kənd təsərrüfatı məhsulunun özünün tədarükçüyə verilməsi nəzərdə tutulacaq.
Layihədə fermerlər üçün əsas üstünlüklərdən biri zəruri vəsaitin istehsal prosesindən əvvəl əldə olunmasıdır. Tədarükçülər isə gələcəkdə alacaqları məhsulla bağlı əvvəlcədən təminat əldə edə biləcəklər. Bank və digər maliyyə qurumları üçün də aqrar sektorda yeni maliyyələşdirmə aləti yaradılacaq.
Diqqətçəkən məqamlardan biri də məhsul şəhadətnaməsi üzrə öhdəliyin yerinə yetirilməməsi halında tətbiq ediləcək mexanizmdir. Layihəyə görə, məhsul şəhadətnaməsinin özü icra sənədi hesab ediləcək və daxil olduğu gündən dərhal icraya yönəldiləcək. Bununla öhdəliyin pozulması zamanı daha çevik, az xərcli və məhkəmənin minimal iştirakı ilə icra prosedurunun tətbiqi nəzərdə tutulur.
Şəhadətnamələr “Elektron kənd təsərrüfatı” sistemi üzərindən buraxılacağından onların tərtibi və notarial təsdiqi ilə bağlı xərclərin də aradan qalxacağı bildirilir.
Bundan başqa, məhsul şəhadətnaməsinin sahibi kənd təsərrüfatı məhsulunun yetişdirilməsi və ilkin emalı prosesini monitorinq edə biləcək. Layihəyə əsasən, bu mexanizm məhsulun tələb olunan keyfiyyətdə istehsalına nəzarətin gücləndirilməsinə və “tarladan süfrəyə” prinsipinin tətbiqinə şərait yaradacaq.
Qanun layihəsinin kənd təsərrüfatının maliyyələşdirilməsi, istehsalçıların dəstəklənməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcəyi qeyd olunur.







